"Ermənistan Dağlıq Qarabağ məsələsində haqlı deyil". Bunu Yerevanda jurnalistlərə Avronest Parlament Assambleyasının həmsədri, Ukraynanın "Batkivşina" partiyasının üzvü Boris Tarasyuk deyib.
 
Onun sözlərinə görə, Ermənistan Ukraynadakı Qolodomoru tanımalıdır: "SSRİ dağıldıqdan sonra yaranmış sərhədlər toxunulmaz elan edilib. Mən tarixə nəzər salmışam. Və biz hesab edirik ki, Ermənistan Dağlıq Qarabağ məsələsində haqlı deyil. Mən rəsmi mövqeni səsləndirirəm" (Trend).
 
B.Tarasyuk bunun kimin rəsmi mövqeyi olduğunu dəqiqləşdirməyib.
 
Ermənistan parlamentində martın 16-da başlayan və dünən başa çatan "Euronest" toplantısında yadda qalan məqam, deyəsən, elə bu olasıdır.
"Euronest" ilə Vətəndaş Cəmiyyəti Forumunun birgə toplantısında çıxış edərkən Forumun həmsədri Kşiştof Bobinski Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramının iştirakçısı olan dövlətlərdə vətəndaş cəmiyyətinin möhkəmlənməsinin vacibliyindən bəhs edib.
"Ümid edirəm ki, vaxt gələcək, "Şərq tərəfdaşlığı" proqramına qatılmış ölkələrdə siyasi məhbuslar olmayacaq, Ermənsitanda isə vətəndaş cəmiyyəti ilə bağlı situasiya yaxşılaşacaq", - K.Bobinski söyləyib.
 
Avropa Birliyinin "Şərq Tərəfdaşlığı" proqramının parlament komponenti olan "Euronest"də Avropa Parlamenti ilə yanaşı, Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynanın qanunverici orqanlarının nümayəndələri daxildir.
Azərbaycanın nümayəndə heyəti "Euronesti"in Yerevanda keçirilən toplantısında yoxdu, qatılmamışdı.
"Euronest" təşkilatçıları ilə Yerevandakı hakimiyyət mənsubları rəsmi Bakının nümayəndələrinin iştirakdan "boyun qaçırmaları"nı qətiyyətlə pisləyirlər və görünən budur ki, tənqidlər bundan sonra daha da aktivləşəsidir.
 
Erməniləri anlamaq olar: Bakı Yerevanın hazırladığı və reallaşdırmaqda qətiyyətli olduğu daha bir ssenarini korladı.
Oyunun məqsədi bəsitdi: "Euronest"in müzakirə gündəmində müxtəlif məsələlər sadalansa da, Azərbaycanın nümayəndə heyəti bu toplantıya qatılsaydı, Yerevandakı yığınaq ölkəmizə qarşı böhtanlar kampaniyasının daha bir meydanına çevriləcəkdi.
Nümayəndə heyətimiz də zərbələrə tuş gələsi hədəf olmalıydı.
 
Alınmadı, olmadı.
Ermənistan demokratiya və insan haqları ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar vasitəsilə nizamlanmasında maraqlı olduğunu desə də, yalanlarını çox pis pərdələyir.
 
Məsələn, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində Böyük Sülh Sazişi ilə bağlı işçi qrupların yaradılması təklifindən Ermənistan imtina edib.
Ermənistan prezidenti Serj Sarkisyan aqressiv ritorikasını davam etdirir və münaqişənin nizamlanmasında irəliləyişə, çözülmədə dönüşə yönəlmiş ən kiçik addımın atılmasını istəmir.
 
Yerevanın diplomatiyasındakı belə absurd davranışlar yalnız ilk baxışdan təəccüblü və paradoksal təsir bağışlaya bilər. Əslində bütün bunlar Ermənistanın daxili siyasətinə, "iç mətbəx"ə hesablanmış addımlarla bəyanatlardır.
 
Dağlıq Qarabağ problematikası ilə bağlı digər diqqət çəkən məqam bu münaqişənin nizamlanmasında Belarusun vasitəçilik istəyidir.
Minskdə Belarusun xarici işlər naziri Vladimir Makeyin Minsk Qrupunun həmsədrləri Pyer Andriye (Fransa), İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), habelə ATƏT-in Dağlıq Qarabağ münaqişəsi üzrə daimi nümayəndəsi Anjey Kaspşiklə görüşü olub.
 
Görüşlə bağlı yayılan rəsmi açıqlama o qədər də maraqlı deyil: diplomatik rutin, söz yığını. Maraqlı olan qeyri-rəsmi bəyanatlar, kuluar "sızdırma"larıdır ki, onlar da Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəlmiş danışıqlarda vasitəçiliyə başlamaq istəyidir.
Daha konkret olsaq, Belarusun hakimiyyət dairələri Minskdə Azərbaycan, Ermənistan və Dağlıq Qarabağın nümayəndələri arasında birbaşa danışıqların keçirilməsini istəyir.
 
Minskin istəyinin spontan təklif, qəfil təşəbbüs olması mümkün deyil.
Belarus fevralın 11-12-də Ukraynanın şərqində böhranın çözülməsi ilə bağlı "Normand Dördlüyü"nün (Fransa, Almaniya, Ukrayna, Rusiya) dövlət və hökumət başçılarının görüşü ilə yanaşı, Donetsk və Luqanskdakı separatçı rejimlərin rəhbərlərinin də müzakirəyə qatıldıqları formatın təkrarlanmasını istədiyinə işarə vurur.
 
Rəsmi Bakının Xankəndidəki separatçı, terrorçu rejimlə birbaşa danışıqlar aparması, sadəcə mümkün deyil.
Yerevan bunu anladığından əvvəlcə "Euronest" oyununu aparır, sonra birgə işçi qrupların yaradılmasından imtina edir, sonda da əsl arzusunu Minskin vasitəsilə Bakının nəzərinə çatdırmaq istəyir.
 
Lakin belə primitiv ssenarilər indiyədək dəfələrlə təkrarlandığından onların hansısa rezonans verməyəcəyini ermənilər bilmək məcburiyyətindədirlər.
İstəməsələr də.

Orxan Hun
Milli.Az