Bakı, 18 mart, AZƏRTAC
Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Şamaxı filialında Novruz bayramına həsr olunan tədbir keçirilib.
Filialdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə AMİ-nin Şamaxı filialının direktoru Tünzalə Yusifova Novruz bayramının tarixindən söz açıb. Bildirilib ki, Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardandır. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi kəşməkəşli, enişli-yoxuşlu olmuşdur. Bu qədim bayramın müstəqil respublikamızda dövlət səviyyəsində keçirilməsi milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir. Zəngin mənəvi dəyərlərimizə söykənərək insanlar arasında qarşılıqlı hörmət, səmimiyyət və mehribanlıq münasibətlərini bərqərar edən Novruz bayramı xalqda gələcəyə nikbinliklə, ümidlə baxmaq hisləri doğurur.
Sevindirici haldır ki, xalqımız dədə-babadan miras qalmış Novruz əxlaqi dəyərlərini bu gün də yaşadır və davam etdirir. Azərbaycan xalqı müstəqilliyini yenidən bərpa etdikdən sonra – 1993-cü ildə Novruz bayramı ulu öndər Heydər Əliyevin sərəncamı ilə ümumxalq bayramı elan edilib, onun üzərindən bütün qadağalar götürülüb. İndi Novruz hər yerdə böyük bayram kimi kütləvi şənliklərlə qeyd olunur.
Həmin vaxtlar ümumxalq şənliklərində iştirak edən dahi şəxsiyyət Heydər Əliyev deyirdi ki, Novruz bayramı xalqın milli birlik, sarsılmaz dostluq və qardaşlıq bayramıdır. Ürəklərdən kin-küdurəti silib, yerində sevgi, məhəbbət və sədaqət kimi saf duyğular cücərdən, bölümləri bütövlüklə kədəri sevinclə əvəz edən, cəmiyyətdə xoş münasibətlərin meydanını genişləndirən bir bayramdır. Novruz uzaq minilliklərin o tayından çağdaş dövrümüzə qədər ağır təzyiqlərə sinə gərə-gərə, keçilməz maneələri yara-yara müstəqillik qazanıb.
T.Yusifova tədbir iştirakçılarını bu əziz gün münasibəti ilə təbrik edib, Novruzun gəlişi ilə təbiətin oyandığını, saf duyğuların, ülvi niyyətlərin, xoş arzuların çin olduğunu bildirib. O, müharibəyə birdəfəlik son qoyulması, torpaqlarımızın azad edilməsi, erməni təcavüzü nəticəsində didərgin düşmüş soydaşlarımızın öz doğma yurdlarına qayıtması kimi müqəddəs diləklərin həyata keçməsini, xalqımızın sonrakı Novruz bayramını daha xoş əhval-ruhiyyə ilə qarşılamasını arzulayıb.
Sonra bayram tonqalı yandırılıb. Novruzun əsas atributları olan keçəl və kosanın, Bahar qızının çıxışı tədbirə xüsusi rəng qatıb.
Tələbələrin göstərdikləri səhnəciklər, ifa etdikləri rəqslər, musiqi nömrələri tədbir iştirakçılarında xoş ovqat yaradıb.
Tədbirdə yumurta döyüşü, qruplararası xonça və səməni yarışı keçirilib, qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Sonda tələbələr Şamaxı şəhər 1 nömrəli İxtisaslaşmış Ruhi Əsəb Xəstəlikləri İnternat Evinin xəstələrinə baş çəkib, Novruz xonçaları ilə onların bayramını təbrik ediblər.