Balakən, 18 mart, AZƏRTAC
Novruz bayramı münasibətilə Balakən rayonunun rəhbərliyi martın 18-də rayon ərazisində yerləşən “Mazımçay” sərhəd zastavasında sərhədçilərin qonağı olub, gətirdikləri bayram sovqatı ilə burada xidmət edən əsgər və zabitləri sevindiriblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edənlər sərhədçiləri xalqımızın qədim bayramlarından olan Novruz münasibətilə təbrik edib, onlara sərhədlərimizin etibarlı mühafizəsi kimi şərəfli vəzifənin yerinə yetirilməsində uğurlar arzulayıblar.
Rayonun bədii özfəaliyyət kollektivləri maraqlı konsert proqramı ilə əsgərlərə bayram əhval-ruhiyyəsi bəxş ediblər.
Tədbirin sonunda xidmətdə fərqlənən əsgər və zabitlərə rayon icra hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunub.