[ 18 Mart 2015 20:17 ]
Gürcüstan. Nizami Məmmədzadə-APA. Martın 21-də Novruz bayramı münasibəti ilə Gürcüstan prezidenti Georgi Marqvelaşvili və baş naziri İrakli Qaribaşvili azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərinə səfər edəcək, əhali ilə görüşərək onların bayramını təbrik edəcəklər.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan baş nazirinin köməkçisi Savalan Mirzəyev bildirib. “Əvvəlki illərdən fərqli olaraq, bu dəfə ölkə prezidenti və baş naziri birlikdə Novruz şənliklərində iştirak edərək, Novruz tonqalını qalayacaqlar.
Qeyd edək ki, hazırda Marneuli şəhərində Novruz bayramına hazırlıq gedir, şəhər Novruz atributları ilə bəzədilir. Həmin gün böyük konsert təşkil olunacaq, Azərbaycan və gürcü mahnıları səsləndiriləcək, rəqslər nümayiş etdiriləcək, ətraf kəndlərdə yaşayan əhali Novruz şənliklərinə qatılacaq.