Ağsu, 18 mart, AZƏRTAC
Martın 18-də Ağsu rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib.
AZƏRTAC xəbər verir ki, 90 nəfərə yaxın sahibkarın iştirak etdiyi forumda Ağsu rayonunun iqtisadi potensialının reallaşdırılmasında prioritet hesab olunan 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.
Forumda kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxış edərək bildirib ki, 2015-ci ilin ötən dövrü ərzində 1110-dən çox sahibkara 30,8 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 2400-dən çox yeni iş yerinin açılmasına imkan yaradır.
Ümumilikdə, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1515 investisiya layihəsinin maliyyələşdirilməsinə 55,6 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarı komplekslərinin, iri fermer təsərrüfatlarının, “yaşıl market”in, quşçuluq fabrikinin, müasir heyvandarlıq komplekslərinin, çörək zavodunun, tikinti materiallarının istehsalı müəssisəsinin, üzümçülük təsərrüfatlarının yaradılması və digər sahələr üzrə investisiya layihələri maliyyələşdirilib. Bununla da 5300-ə yaxın yeni iş yerinin açılması imkan yaradılıb. Əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, respublikanın 12 rayonunda – Ağcabədi, Beyləqan, Kürdəmir, Ağsu, İmişli, Hacıqabul, Cəlilabad, Salyan, Xaçmaz, Füzuli, Saatlı və Şamaxı rayonlarında 30 min hektardan artıq sahədə 15 sahibkarlıq subyekti tərəfindən 19 iri fermer təsərrüfatı yaradılır. Bu məqsəd üçün sahibkarlara 50,3 milyon manat güzəştli kredit verilib. Hazırda həmin təsərrüfatlarda müasir suvarma sistemləri qurulur, yazlıq əkinə hazırlıq işləri aparılır.
İşgüzar forum çərçivəsində Ağsu və ətraf rayonlardan olan 52 sahibkara 624,5 min manat güzəştli kredit verilib. Kreditlər heyvandarlıq, arıçılıq və digər sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 70-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.
Sonra Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5 milyon manat güzəştli kreditin ayrıldığı iri fermer təsərrüfatına baxış keçirilib.