Lənkəran, 18 mart, Bağır Əliyev, AZƏRTAC
“Ölkəmizi tanıyaq” tur-aksiyanın iştirakçısı olan Naxçıvan Muxtar Respublikası Şərur, Ordubad, Culfa, Şahbuz, Kəngərli rayonlarının və Naxçıvan şəhərinin məktəbliləri martın 18-də Lənkərana gəliblər.
AZƏRTAC xəbər verir ki, Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında tur-aksiya iştirakçılarının qarşılanma mərasimi olub.
Naxçıvanlı məktəbliləri salamlayan Lənkəran şəhər İcra hakimiyyəti başçısının müavini Rəsilə Əliyeva bildirdi ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan və əhali tərəfindən yüksək qiymətləndirilən “Ölkəmizi tanıyaq” layihəsi məktəblilərin dünyagörüşünün formalaşmasında və onların ölkəmizlə daha yaxından tanışlığında əhəmiyyətli rol oynayır. Tur-aksiyanın iştirakçısı olan şagirdlər dərslərdə öyrəndiklərini, mətbuatda və internet səhifələrində oxuduqlarının canlı şahidinə çevrilirlər.
Sonra məktəblilər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər, böyük rəhbərin adını daşıyan Mərkəzdə Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponat və fotoşəkillərlə tanış oldular.
Lənkəran şəhərindəki Gənclər Mərkəzi ilə tanışlıq zamanı şagirdlərə məlumat verildi ki, Mərkəz 2013-cü il oktyabrın 15-də fəaliyyətə başlayıb və gənclərin istirahət məkanına çevrilib.
Daha sonra tur-aksiya iştirakçıları iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsini ziyarət ediblər. H.Aslanovun Lənkəran şəhərindəki ev-muzeyində nümayiş etdirilən eksponatlarla tanış olan şagirdlərə igid azərbaycanlının İkinci Dünya müharibəsində keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilib.
Lənkəran şəhərindəki “Qoşa qala qapıları”, “Dairəvi qala”, “Mayak” binası və Bayraq Meydanı ilə tanışlıq da məktəblilərdə xoş təəssürat oyatdı.
Aksiya iştirakçıları səfər çərçivəsində, həmçinin rayondakı “Xanbulan” istirahət mərkəzinə və Hirkan Milli Parkına da səyahət etdilər.
Milli parkla tanışlıq zamanı məlumat verildi ki, sahəsi 21,435 hektar olan “Hirkan” qoruğu 2004-cü ildə “Hirkan” Milli Parkına çevrilib. Milli park Astara və Lənkəran rayonlarının ərazisinin bir hissəsini tutur.
Lənkəranla tanışlıq zamanı məktəblilər Novruz bayramı münasibətilə təşkil olunan ümumrayon şənliyini də izləyiblər.
Günün ikinci yarısında naxçıvanlı şagirdlər Astara rayonunun Kijabə qəsəbəsində çay plantasiyasına və sitrus meyvə bağlarına baxıb, Ərçivan qəsəbəsində “Yanar bulaq”da suyun necə yandığını böyük maraqla izləyiblər.
Məktəblilər Lənkəran və Astaradan zəngin təəssüratla ayrılıblar.