Bakı, 18 mart, AZƏRTAC 
Sudan neftin hasilatı və ixracı sahəsində Azərbaycanın zəngin təcrübəsinin öyrənilməsində, sudanlı gənclərin bu sahədə ölkəmizdə təhsil almasında maraqlıdır.
Bu fikir iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin Sudan Respublikasının xarici işlər naziri Əli Əhməd Kartinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı səsləndirilib.
İqtisadiyyat və Sənaye Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini, qarşılıqlı səfərlərin, beynəlxalq təşkilatlar çərçivəsində keçirilən görüşlərin əməkdaşlığın genişlənməsinə müsbət təsir göstərdiyini vurğulayıb. Sudan nümayəndə heyətinin Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyi qeyd edilib. Nazir Şahin Mustafayev iqtisadi, humanitar, təhsil, turizm sahələrində əlaqələrin genişləndirilməsi imkanlarının olduğunu diqqətə çatdırıb.
Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Şahin Mustafayev ölkəmizin böyük iqtisadi potensiala malik olduğunu, Cənubi Qafqaz iqtisadiyyatının 75 faizinin ölkəmizin payına düşdüyünü, Azərbaycanın bir çox iri infrastruktur və enerji layihələrinin təşəbbüskarı və fəal iştirakçısı olduğunu bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin ədalətli mövqeyini diqqətə çatdıran nazir Şahin Mustafayev Sudan Parlamentinin Xocalı soyqırımını tanımasına görə bir daha təşəkkür edib.
Əli Əhməd Karti ölkəsinin böyük təbii ehtiyatlara malik olduğunu diqqətə çatdırıb, bu resursların işlənməsi sahəsində Azərbaycanla əməkdaşlıq, eləcə də Sudana investisiya qoyuluşuna dair fikirlərini bölüşüb, kənd təsərrüfatı sahəsində də əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu xatırladıb.
Görüşdə Azərbaycan və Sudan arasında iqtisadi əlaqələrin genişləndirilməsi imkanları, bu məqsədlə işçi qrupun yaradılması məsələləri barədə müzakirələr aparılıb.