İsmayıllı, 18 mart, AZƏRTAC
Prezident İlham Əliyevin təşəbbüsü ilə ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün təşkil olunan “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvan məktəblilərinin bir qrupu martın 18-də İsmayıllıda Lahıc qəsəbəsi ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, burada onlara qəsəbənin coğrafi mövqeyi, tarixi, insanların məşğuliyyəti, qədim və orta əsr memarlıq abidələri barədə ətraflı məlumat verilib. Bildirilib ki, Girdiman çayının sahilində yerləşən Lahıc Azərbaycanın planla tikilən feodal şəhərlərindən biridir. XVIII-XIX əsrlərdə misgərlik və silah istehsalı mərkəzlərindən biri kimi tanınan Lahıcda 30-dan çox sənət növü inkişaf edib. Burada yaşayıb çalışan misgərlərin, xalçaçıların, həkkakların, nəqqaşların, dabbaqların, çəkmə və çarıq ustalarının əl işləri, eləcə də digər maddi-mədəniyyət nümunələri bu gün dünyanın bir çox məşhur muzeylərinin və kolleksiyaların ekspozisiyalarını bəzəyir. Təsadüfi deyildir ki, memarlıq quruluşu və abidələri ilə seçilən Lahıc 1981-ci ildən tarix-mədəniyyət qoruğu elan edilib.
Qəsəbənin baş küçəsi olan Nizami Hüseynov küçəsində Lahıc sənətkarlarının hazırladıqları incə naxışlarla bəzədilən çoxsaylı məişət və bəzək əşyaları ilə zəngin mağaza və emalatxanalar, tarix-diyarşünaslıq muzeyi və digər tarixi məkanlar məktəblilərdə dərin təəssürat yaratdı.
Aldığı təəssüratı AZƏRTAC-ın müxbiri ilə bölüşən Şərur rayonu Düdəngə kənd tam orta məktəbinin şagirdi Aytac Mərdanlı deyib: “Dağlar qoynunda yerləşən İsmayıllının, qədim Lahıcın öz gözəlliyi, maraqlı tarixi var. Lahıc məndə kitablardan oxuduğum keçmiş dövrün təəssüratını yaşatdı. Elə bil Azərbaycanımızın keçmişinə səyahət etdim. Novruz bayramı ərəfəsində bizə bu imkanı yaratdığına görə Prezidentimizə çox minnətdaram. Azərbaycanı gəzmək öyrənmək üçün bundan sonra əlimə düşən hər imkandan istifadə edəcəyəm”.
Naxçıvan məktəbliləri axşamüstü Qəbələyə yola düşdülər.