[ 18 Mart 2015 15:07 ]
Bakı. Vüsal Nəbiyev – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycanda səfərdə olan BMT-nin Uşaq Fondunun (UNİCEF) Mərkəzi və Şərqi Avropa, MDB üzrə regional direktoru xanım Mari-Pyer Puarye ilə görüşüb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Econmics”ə verilən məlumata görə, UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Andro Şilakadzenin də iştirak etdiyi görüşdə nazir Səlim Müslümov Azərbaycanda dövlət uşaq siyasətinin inkişafından söz açıb.
S.Müslümov bu sahədə UNİCEF-lə əməkdaşlığın getdikcə genişləndiyini diqqətə çatdırıb: “Azərbaycanda sosial xidmətlər sisteminin təkmilləşdirilməsində, “Uşaq qayğı sistemində islahatlar” üzrə birgə Tədbirlər Planının icrasında, müvafiq təbəqələrdən olan uşaqlarla bağlı sosial reabilitasiya sisteminin institusional və texniki baxımdan dəstəklənməsində UNİCEF-lə əməkdaşlığın uğurlu nəticələri var. BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının ratifikasiyasında da bu təşkilatın göstərdiyi dəstəyi yüksək qiymətləndiririk. Əldə olunan müsbət əməkdaşlıq təcrübəsi əsasında ötən ilin iyununda UNİCEF-in Azərbaycan nümayəndəliyi ilə nazirlik arasında 2014-2015-ci illər üzrə birgə fəaliyyət planı imzalanıb”.
Nazir bildirib ki, fəaliyyət planına uyğun olaraq, uşaqlarla bağlı sosial xidmətlər sisteminin inkişafı, bərpa mərkəzlərində sosial reabilitasiya imkanlarının artırılması, sosial sifarişlər üzrə prioritetlərin müəyyənləşdirilməsi, çətin həyat şəraitində olan uşaqların və ailələrinin sosial xidmətlərə çıxışının texniki dəstəklənməsi və s. sahələrdə birgə işlər aparılır.
“ƏƏSMN-nin sosial sifarişləri əsasında ixtisaslaşmış vətəndaş cəmiyyətləri tərəfindən icra olunan layihələr üzrə sosial cəhətdən həssas uşaqlar və onların ailələri müxtəlif növ sosial xidmətlərlə əhatələnib. Hazırda bu sahədə fəaliyyətin təkmilləşdirilməsi üçün konkret yanaşma, monitorinq və qiymətləndirmə meyarlarını nəzərdə tutan strategiyanın hazırlanması işləri aparılır. Bu vacib işlərdə də UNİCEF-lə əməkdaşlığın xüsusi önəmi var”, - deyə S.Müslümov bildirib.
Mari-Pyer Puarye Azərbaycanda uşaqların müdafiəsi sahəsində aparılan fəal dövlət siyasətinin, o cümlədən ölkəmizdə dövlətin sosial sifarişləri əsasında müvafiq təbəqələrdən olan uşaqların və onların ailələrinin ehtiyac duyduqları sosial xidmətlərlə təmin olunmasının və bu sahədə fəaliyyətin qabaqcıl dünya təcrübəsi əsasında təkmilləşdirilməsi işlərinin UNİCEF tərəfindən alqışlandığını vurğulayıb. O, ƏƏSMN və UNİCEF arasında birgə səmərəli fəaliyyətin gələcək əməkdaşlığın inkişafı üçün yaxşı əsas formalaşdırdığını qeyd edib.
Görüşdə ƏƏSMN-nin sosial sifarişləri üzrə sosial xidmətlər göstərilməsi təcrübəsinin davam etdirilməsi, gələcəkdə həmin xidmətlərin dairəsinin genişləndirilməsi, uşaqların dövlət internat evlərinə verilməsi hallarının qarşısının alınması sahəsində aparılan işlər, sosial xidmət standartlarının hazırlanması və tətbiqi məsələləri müzakirə olunub.
Habelə ƏƏSMN tərəfindən UNİCEF-lə əməkdaşlıq şəraitində sosial sifarişlərin icrası ilə bağlı minimal keyfiyyət zəmanəti sisteminin (elektron məlumat və monitorinq sisteminin) yaradılması, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının icrası çərçivəsində “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanunun qəbul edilməsi, ötən il Cenevrə şəhərində keçirilən görüşün müzakirə mövzularından olan uşaqlar arasında yoxsulluğa dair sorğunun keçirilməsi və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.