Naxçıvan, 18 mart, Rauf Əliyev, AZƏRTAC
“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvan Muxtar Respublikasına gələn məktəblilər martın 18-də Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseydə olublar.
AZƏRTAC xəbər verir ki, burada keçirilən görüşdə hərbi liseyin rəisi, polkovnik Elman Orucov çıxış edərək təhsil ocağı barədə ətraflı məlumat verib.
Elman Orucov bildirdi ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2004-cü il fevralın 27-də imzaladığı Sərəncama əsasən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının bazasında formalaşdırılan xüsusi təyinatlı bu təhsil müəssisəsi hərbi kadr hazırlığı sistemini təkmilləşdirmək və milli ordunun peşəkar kadrlara olan tələbatını ödəmək məqsədi ilə yaradılıb. Bu gün liseydə vətənpərvər, yüksək təhsilli, fiziki cəhətdən sağlam və intizamlı gənclər yetişdirilir.
“Ötən dövrdə hərbi liseyi bitirən 2161 kursantdan 2072 nəfəri ali hərbi məktəblərə qəbul olunub. Liseyin məzunlarından 15 nəfər Rusiya Federasiyasının, 8 nəfər Türkiyə Respublikasının ali hərbi məktəblərində, hərbi liseyə qəbul olunan kursantlardan 12 nəfəri isə Türkiyənin hərbi liseylərində təhsillərini müvəffəqiyyətlə davam etdiriblər”, - deyən Elman Rüstəmov qeyd etdi ki, hərbi liseyi bitirən onlarla kursant ölkəmizin müxtəlif xüsusi təyinatlı ali məktəblərində təhsil alıblar.
Vurğulandı ki, hazırda liseydə respublikamızın 20-dək bölgəsindən 657 kursant təhsil alır. Onların təlim-tərbiyəsi ilə yüzdən çox müəllim, hərbi rəhbər-tərbiyəçi və zabit məşğul olur.
Kursantların təhsilində hərbi hazırlığın xüsusi yer tutduğunu diqqətə çatdıran liseyin rəisi, onların nəzəri bilikləri öyrənməklə yanaşı, taktiki təlimlərdə də iştirak etdiyini bildirdi.
E.Orucov dedi ki, liseyin kursantları muxtar respublikada keçirilən fənn olimpiadaları və idman yarışlarında fəal iştirak edərək yüksək nəticələr əldə edirlər. Azərbaycan Prezidentinin 2009-cu il sentyabrın 1-də imzaladığı Sərəncama əsasən, 2008/2009-cu tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində Heydər Əliyev adına Hərbi Lisey müvəffəqiyyət qazanıb.
Çıxışlardan sonra tur-aksiya iştirakçıları hərbi liseyə hədiyyələr təqdim etdilər, tədris korpusları və kursant yataqxanası ilə tanış oldular.
Şagirdlər Heydər Əliyev adına Hərbi Liseydən zəngin təəssüratla ayrıldılar.
Tur-aksiya iştirakçıları “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksində də oldular.
Məktəblilər buradan Ordubad rayonuna yola düşdülər. Onlar Ordubadın tarix-memarlıq və mədəniyyət abidələri ilə də tanış olacaqlar.