Bakıda keçiriləcək Avropa oyunları ərəfəsində bir sıra xarici KİV-də ölkəmizə qarşı qara piar kampaniyasına start verilib.

Hər zaman anti-Azərbaycan mövqeyinə görə seçilən xarici bloger Rebeka Vinsent Avropa oyunlarına qarşı yönələn materialları aktiv şəkildə paylaşır.

Vinsentin son məqaləsində qeyd olunur ki, guya Azərbaycanda əhali Avropa oyunlarına qarşı etiraz edirlər. Onun bloqlarında "sübut" olaraq etiraz aksiyalarından fotolar paylaşılır. Guya həmin aksiyada 10 min nəfər iştirak edib.

Milli.Az bildirir ki, "Novosti Azərbaycan" agentliyi araşdırma apararaq maraqlı faktlar üzə çıxarıb.

İlk növbədə, Rebeka Vinsent ofisi Londonda yerləşən İndexoncensorship.org onlayn jurnalında dərc edir. Ən əsası odur ki, nəşrin təsisçisi və baş redaktoru Naum Nimdir.

Naum Nim və ya Naum Aronoviç Yefremov erməni əsilli rusiyalı yazıçı, jurnalist və hüquq müdafiəçisidir. Məlumatlar Vikipedia onlayn ensiklopediyasında yerləşdirilib.

İkincisi isə, guya həmin fotolar Avropa oyunlarına qarşı keçirilən etiraz aksiyaları zamanı çəkilib. Əslində isə fotolar Azərbaycan müxalifətinin növbəti mitinqlərindən birində çəkilib. Onun Avropa oyunlarına heç bir aidiyyəti yoxdur.

Yuxarıda göstərilənlərdən belə nəticə çıxır ki, Rebeka Vinsent obyektiv jurnalistikadan tamamilə uzaqdır. O, öz mövqeyini və fikirlərini heç bir fakt olmadan həqiqət kimi təqdim edir.

Rebeka Vinsentin adının Avropa mənşəli olması bloqosferdə bir çaşqınlıq yaradır. Bu səbəbdən də KİV-lər də yazıdakı provokativ konteksti nəzərə almadan tirajlayırlar.

Bəzi yerli informasiya resurslarının da belə provakotiv məlumatlara reaksiya verməsi heyrət yaradır. Özlərini çətinliyə salıb məlumatın dəqiqliyini öyrənmək istəməyənlər fotoları dərc edirlər.

Milli.Az