Bakı, 18 mart, AZƏRTAC
“TuranBank” Ağcabədi rayonunda yeni filialını açıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, açılış mərasimində “TuranBank”ın idarə heyətinin sədri Nazim Sadıqov Ağcabədi filialının yerli əhaliyə, mikro, kiçik və orta sahibkarlığa, istehsala, ticarətə dəstək göstərməklə əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə və bununla da regionun sosial-iqtisadi inkişafına töhfə verəcəyini qeyd edib.
Ağcabədi Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyanın yerli nümayəndəliyinin təmsilçiləri regionların inkişafında qabaqcıl təcrübəyə malik olan “TuranBank”ın filialının rayon iqtisadiyyatının inkişafında, region əhalisinin yüksək keyfiyyətli bank xidmətləri ilə təmin olunmasında mühüm rol oynayacağına əminliklərini bildiriblər.
Bankın Ağcabədi filialı yerli əhali və sahibkarlıq subyektlərinə hesablaşma-kassa əməliyyatları, müxtəlif növ istehlak və biznes kreditlərinin verilməsi, sənədli əməliyyatların aparılması, cari və əmanət hesablarının açılması, plastik kartlarla əməliyyatlar, pul köçürmələri, investisiya qoyuluşları üzrə məsləhət xidmətlərinin təqdim olunması, kommunal və rabitə xidmətlərinin ödənişi, yerli və beynəlxalq pul köçürmələri və digər xidmətləri göstərəcək.