Qars, 17 mart, AZƏRTAC
Xüsusi müxbirimiz xəbər verir ki, martın 17-də Qarsda Heydər Əliyev adına Anadolu texniki-peşə liseyinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili açılışda iştirak ediblər.
Əvvəlcə Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirildi.
Sonra Türkiyənin milli təhsil naziri Nəbi Avcı çıxış etdi.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdilər.
Çıxışlardan sonra Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili liseyin rəmzi açılışını bildirən lenti kəsdilər.
Azərbaycan və Türkiyə prezidentləri liseyin xatirə kitabına ürək sözlərini yazdılar.
Dövlət başçıları liseyin binasında yaradılan şəraitlə tanış oldular.
Binanın foyesində türk dünyasının ulu öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin büstləri qoyulub. Burada, həmçinin Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının, dövlət himnlərinin mətnlərinin, ulu öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin həyat və fəaliyyətləri barədə məlumatların olduğu lövhələr və fotoşəkillərdən ibarət xüsusi guşə yaradılıb. Ümummilli lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanın Azərbaycan və türk dillərindəki mətni də foyedə yaradılan guşədə nümayiş olunur.
Məlumat verildi ki, liseyin binasının təməli 2011-ci ilin mayında Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın iştirakı ilə qoyulub. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin maliyyə dəstəyi ilə inşa olunan liseyin ərazisi 2,2 hektardır. Türkiyənin Şərqi Anadolu bölgəsinin ən böyük və nüfuzlu liseyi olan bu kompleksdə müasir tələblər səviyyəsində təhsil almaq üçün bütün zəruri şərait yaradılıb. Burada 32 sinfin yerləşdiyi əsas bina, 200 yerlik yataqxana, 200 nəfərlik örtülü idman zalı, açıq idman sahəsi, zəngin fondu olan kitabxana və iki emalatxana var. Liseydə 400-dən çox şagirdin təlim-tərbiyəsi ilə 24 müəllim məşğul olur.
Liseyin əsas məqsədi elmi və texnoloji yeniliklərə açıq, ölkənin ehtiyaclarına uyğun, intizamlı, ali təhsil proqramına hazırlıq istiqamətində dərin və hərtərəfli bilik və bacarığa, müasir və demokratik düşüncəyə malik gənclər yetişdirməkdir. Məktəbdə gündəlik dərslərlə yanaşı, şagirdlərin texniki biliklərinin artırılması və psixoloji durumlarının yüksək səviyyədə olması, hadisələri asan qavraya və təhlil edə bilmələri, fərdi və qrupla işləmək bacarıqlarına yiyələnmələri istiqamətində də məşğələlər keçirilir.
Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri liseyin həyətində ağac əkdilər.