Xırdalan, 17 mart, Ətrabə Rzayeva, AZƏRTAC 
Martın 17-də Abşeron rayonunun Masazır qəsəbəsində yeni uşaq baxçası istifadəyə verilib. Açılış mərasimində Abşeronla qardaşlaşan Misirin Qalibiyyə vilayətinin qubernatoru Məhəmməd Əbduzzahirin başçılıq etdiyi nümayəndə heyəti də iştirak edib.
AZƏRTAC xəbər verir ki, Masazırda yeni istifadəyə verilən uşaq baxçasının açılışın mərasimində çıxış edən Abşeron rayon İcra hakimiyyəti başçısı Zakir Fərəcov tədbir iştirakçılarını ilaxır çərşənbəsi münasibəti ilə təbrik edib. Bildirilib ki, uşaqların keyfiyyətli təhsil və qayğı ilə əhatə olunması, yeni nəslin layiqli vətəndaş kimi formalaşması dövlət siyasətinin başlıca prinsiplərindən olmaqla yanaşı, Azərbaycanın gələcəyinin təminatına da daha geniş imkanlar açır. Z.Fərəcov bu sahənin maddi texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fondunun həyata keçirdiyi “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramının və digər layihələrin mühüm rol oynadığını vurğulayıb.
Qalubiyyə vilayətinin qubernatoru Məhəmməd Əbduzzahir isə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə vilayətdə tikilən və onun adını daşıyan məktəbin tədrisin keyfiyyətinə görə Misirin aparıcı təhsil ocaqlarından biri hesab olunduğunu vurğulayaraq, uşaq baxçasının açılması münasibətilə təbriklərini çatdırıb.
Uşaq baxçası ilə tanış zamanı məlumat verilib ki, burada uşaqlara rus və ingilis dilləri də tədris ediləcək, rəqs və musiqi öyrədiləcək. Yaşlarına müvafiq olaraq 6 qrupa bölünən uşaqların tərbiyəsi ilə 12 müəllim və 1 musiqi rəhbəri məşğul olacaq.