Bakı, 17 mart, Sevda Cəfərova, AZƏRTAC
Martın 17-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova UNICEF-in Mərkəzi və Şərqi Avropa ölkələri və Müstəqil Dövlətlər Birliyi üzrə regional direktoru xanım Mari-Pyer Puarye ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Hicran Hüseynova komitənin fəaliyyəti haqqında qonağa ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan hökuməti ilə UNICEF artıq 20 ildən çoxdur əməkdaşlıq edir. Ötən illər ərzində bir sıra birgə layihələr həyata keçirilib, nailiyyətlər əldə olunub.
Hicran Hüseynova UNICEF-in xüsusilə vətəndaş cəmiyyəti ilə əlaqələrini yüksək qiymətləndirib. Bildirib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə UNICEF-in və AQUPDK-nın birgə layihələri həyata keçirilib və gələcəkdə də bu istiqamətdə işlər görüləcək.
Mari-Pyer Puarye Azərbaycanda uşaq problemlərinin həlli sahəsində toplanmış təcrübəni, əldə edilmiş uğurları yüksək qiymətləndirib, gələcəkdə əlaqələrin daha da genişləndirilməsinin önəmini vurğulayıb.