Bakı, 17 mart, AZƏRTAC 
Azərbaycan Dillər Universitetində (ADU) Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təqdimatı olub.
BBMM-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə qurumun icraçı direktoru, professor Azad Məmmədov iştirakçılara Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi barədə məlumat verib. Mərkəzin direktoru Azərbaycanın multikulturalizm ənənələrindən danışıb, multikulturalizmin həyat tərzimiz olduğunu vurğulayıb. O, xarici və yerli ali təhsil müəssisələrində “Azərbaycan multikulturalizmi” fənninin tədrisindən də söz açıb. Qeyd olunub ki, bu fənnin ADU-da da tədris edilməsi məqsədəuyğun olardı.
BBMM-nin analitika şöbəsinin müdiri Nəriman Qasımzadə ölkəmizdə multikulturalizm sahəsində dövlət siyasətindən və görülən işlərin əhəmiyyətindən, şöbənin əsasən maarifçilik sahəsində kitabların, elmi nəşrlərin hazırlanmasında iştirakından danışıb.
BBMM-nin layihələr şöbəsinin müdiri Hikmət Babayev qurumun hazırladığı beş böyük layihə barədə iştirakçılara məlumat verib.
Diqqətə çatdırılıb ki, bu layihələr sırasında “Azərbaycan multikulturalizmi” fənnin xarici və yerli universitetlərdə tədrisi, bu fənni tədris edəcək müəllimlər üçün treninqlərin keçirilməsi, xarici universitetlərdə “Azərbaycan multikulturalizmi” mövzusuna dair tədbirlərin keçirilməsi, xarici ölkələrin intellektual və administrativ məkanlarında birdəfəlik mühazirələrin oxunması və “Azərbaycan multikulturalizmi” fənni tədris edilən tələbələr üçün yay məktəblərinin təşkil edilməsi kimi tədbirlər var.
Tədbirdə ADU-nun prorektoru Ələddin Əliyev, beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev və başqaları çıxış edərək Azərbaycanda multikulturalizmin əhəmiyyətindən danışıblar.