Roma, 17 mart, AZƏRTAC
İtaliyada beynəlxalq BMT modeli konfransı olan ənənəvi “ROMEMUN”un builki mövzusu “Planeti qidalandırmaq: həyat üçün enerji”dir. Müxtəlif ölkələrdən olan tələbələr üçün simulyasiya konseptində təşkil olunan tədbir aktual bir mövzunu əhatə etməsi baxımdan böyük maraqla qarşılanır.
İtaliyanın “Luiss Guido Carli” Universitetində təşkil olunmuş bölmə iclaslarında BMT-nin UNESCO, FAO, ECOSOC, UNICEF və digər ixtisaslaşmış qurumlarının təmsilçiləri və bu ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri ərzaq və qida təhlükəsizliyi, aclıq, sağlam qidalanma, yoxsulluq və bu kimi mövzularda fikirlərini bölüşüblər.
Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov “2015-ci ildən sonrakı inkişaf gündəliyində kənd təsərrüfatının inkişafı, ərzaq və qida təhlükəsizliyi” mövzusunda mühazirə ilə çıxış edib. O, qlobal səviyyədə ərzaq təhlükəsizliyi problemlərindən, BMT-nin gündəliyində bu məsələnin yeri və təşkilatın müvafiq istiqamətdə gördüyü işlərdən danışıb.
BMT çərçivəsində qəbul edilən Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində ölkəmizdə görülən işlər, əldə edilmiş nailiyyətlər barədə məlumat verən səfir 2015-ci ildən sonrakı inkişaf gündəliyinin formalaşmasında Azərbaycan tərəfindən atılan addımlardan danışıb. Ərzaq və qida təhlükəsizliyinin təmin olunması sahəsində Azərbaycanda həyata keçirilən dövlət siyasətinə toxunan V.Sadıqov ölkəmizin iqtisadi inkişaf nailiyyətləri və BMT-nin qurumları ilə münasibətlərindən bəhs edib.
Sonra müvafiq mövzu ilə bağlı müzakirələr aparılıb və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Tədbir martın 18-dək davam edəcək.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma