Bakı, 17 mart, AZƏRTAC
Amerikanın Apple korporasiyası 2015-ci ilin payızında özünün televiziya online-xidmətini istifadəyə verməyi planlaşdırır. Hazırda kompaniyanın striminq-servisini işə salmaq üçün Fox və ABC televiziya şəbəkələri ilə danışıqlar apardığı bildirilir.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Apple televiziya servisi iPhone, iPad və Apple TV kimi qurğuların sahiblərinə təxminən 25 kanala baxmaq imkanı yaradacaq. The Wall Street Journal nəşrinin məlumatına görə, təqdimatı iyun ayına planlaşdırılan servis sentyabrda istifadəyə buraxılmalıdır. Xidmət üçün abonent ödənişinin 30-40 dollar arasında olacağı gözlənilir.
Hazırda genişekranlı televizor və plazma panelləri üçün nəzərdə tutulan Apple TV rəqəmsal multimediya qurğusu Netflix, YouTube, CNBC və Sky News, həmçinin Şərqi Asiya məhsullarını, o cümlədən anime və manqonu nümaiş etdirən Crunchyroll kanallarına giriş imkanı verir.
Qeyd edək ki, Mac kompüterlərini, iPad planşetlərini, iPhone və başqa smartfonları, həmçinin onların proqram təminatını hazırlayıb satmaqla məşğul olan Apple korporasiyasının kapitalı 727,8 milyard dollar təşkil edir.