Bakı, 17 mart, AZƏRTAC 
Martın 17-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi ilə “Level Up” Təhsil və İnkişaf Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.
Gənclər Birliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə təşkilatın sədri Seymur Orucov bildirib ki, Gənclər Birliyi mütəmadi olaraq sosial və eyni zamanda, onların biliklərinin artırılmasına zərurət olduqda dil, nitq qabiliyyətinin inkişafı üçün bir çox layihələr həyata keçirir. Biz YAP GB-nin ofisində ödənişsiz olaraq dil kursları təşkil etmişik. Onun artıq ikinci mərhələsi yekunlaşmaq üzrədir. İlk dəfə olaraq təkcə ingilis dili ilə bağlı kurslar təşkil etmişdik. Sonrakı zərurəti nəzərə aldıqdan sonra rus dili kursları təşkil etdik. Hətta indi ofisimizdə fransız dili kursları da ödənişsiz olaraq təşkil olunmaqdadır. Biz xüsusilə də nəzərdə tutmuşuq ki, xaricdə təhsil proqramı, yay məktəblərinin təşkili ilə bağlı “Level Up” Təhsil və İnkişaf Mərkəzinin çox böyük təcrübəsi var. Bu memorandumun uğurlarından biri o olacaq ki, biz həmin anlaşmanı peşəkar şəkildə həyata keçirəcəyik.
“Level Up” Təhsil və İnkişaf Mərkəzinin Təsisçisi Ümid Abuzərli isə diqqətə çatdırıb ki, bu təhsil mərkəzində 6-7 dil akademiyası fəaliyyət göstərir. Gənc kadrların daxili potensiallarının artırılması üçün xüsusi təlim və tədris olunur. Bizim fəal departamentlərimizdən biri də xaricdə təhsil departamentidir. Mərkəzimiz Azərbaycan gənclərinə Avropada və ABŞ-da yüksək təhsil almaq imkanları yaradır. İnanıram ki, bundan sonra YAP GB-nin üzvləri “Level Up” Təhsil və İnkişaf Mərkəzinin yaratdığı şəraitdən səmərəli istifadə edəcək. Onlar xüsusi təşkil olunmuş güzəştlərdən yararlana biləcəklər.
Sonra Level Up Təhsil və İnkişaf Mərkəzinin tanıtım videoçarxı nümayiş etdirilib. Qeyd olunub ki, YAP GB-nin bütün üzvləri bu təlim mərkəzinin imkanlarından güzəştli əsaslarla faydalanacaqlar. Vurğulanıb ki, GB-nın üç üzvü mərkəzin öz daxili imkanları hesabına Londona göndəriləcək.
Sonra YAP Gənclər Birliyi ilə “Level Up Təhsil və İnkişaf Mərkəzi” arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandumu YAP GB-nin sədri Seymur Orucov, Level Up Təhsil
və İnkişaf Mərkəzinin Təsisçisi Ümid Abuzərli imzalayıb.