Kreml və ölkənin Xarici İşlər Nazirliyi Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi ilə bağlı Moskvada keçiriləcək təntənəli mərasimə hansı dövlət başçılarının qatılacağı ilə bağlı açıqlama yayıb.

ANS PRESS-in məlumatına görə, bildirilir ki, bayram paradına iki aydan da az vaxt qalıb və indiyədək 30-dan çox dövlət başçısı mərasimə qatılacağını təsdiqləyib. Tədbirdə iştirak üçün çox dövlət və hökumət başçısına, müxtəlif beynəlxalq təşkilatların rəhbərlərinə dəvət göndərilib. Bu ilin yanvarında 20 lider dəvəti qəbul etsə də, indi onların sayı 30-dan çoxdur. Onların arasında Asiya, Yaxın Şərq, MDB ölkələrinin rəhbərləri, həmçinin ŞƏT-ə üzv olan dövlətlərin, eləcə də Avropa İttifaqı ölkələrinin bəzi rəhbərləri də var.

Konkret olaraq Azərbaycan, Tacikistan, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan, Çin, Vyetnam, Koreya Xalq Demokratik Respublikası, Niderlandlar, Yunanıstan, Misir və İsrailin dövlət başçılarının gəlişi gözlənilir.

Açıqlamada deyilir ki, 9 may Qələbə bayramında iştirak edəcək nümayəndə heyəti ilə bağlı son məlumat aprel ayında veriləcək.

Xatırladaq ki, 2010-cu ildə Moskvaya Böyük Vətən müharibəsində Qələbənin 65-ci ildönümündə Almaniya kansleri Angela Merkel, Koreya Xalq Respublikasının sədri Xu Szintao, Bolqarıstan prezidenti Qeorqi Prvanov, eləcə də Belarus və Ukrayna daxil olmaqla MDB dövlətlərinin, Vyetnam, İsrail, Latviya, Yunanıstan, Makedoniya, Monqolustan, Serbiya, Slovakiya, Sloveniya, Fransa, Xorvatiya, Çernaqoriya, Çexiya, Estoniya, İtaliya liderləri iştirak ediblər. Beş il əvvəl də Qələbə gününün bayram edilməsinə Rusiya paytaxtına təqribən 30 dövlət və hökumət başçısı gəlib.


Mənbə
ANS PRESS