[ 17 Mart 2015 12:37 ]



Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda 1987-ci ildən 1 yanvar 2015-ci ilə qədər İİV-ə yoluxan şəxslərin bu təhlükəli virusa yoluxma yolları açıqlanıb.

 

APA-nın məlumatına görə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyasının İşçi Qrupu tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanmış “Narkotiklərə nəzarət sahəsində 2014-cü ilə dair Ölkə Məruzəsi”ndə qeyd edilib ki, bu müddət ərzində Azərbaycan vətəndaşı olan 2544 (53,7%) kişi  və 43 (0,9%) qadın inyeksion narkotik istifadəsi nəticəsində bu virusa yoluxub.

 

Donor qanı ilə kişilər arasında İİV-ə yoluxma baş verməyib, bu müddət ərzində yalnız 1  (0,02%) qadın donor qanı ilə virusa yoluxub.  Azərbaycan vətəndaşlarından heteroseksual kontakt nəticəsində 677 kişi (14,3%) və 984 (20,8%) qadın, homoseksual kontakt nəticəsində 61 (1,3%)  kişi İİV-ə yoluxub. Anadan uşağa ötürülmə nəticəsində 39 (0,8%) oğlan uşağı və 44 (0,9%) qız uşağı, naməlum yolla 276  (5,8%) kişi və 66  (1,4%)  qadın İİV-ə yoluxub. Ümumiyyətlə, 1987-ci ildən 1 yanvar 2015-ci ilə qədər 4735 Azərbaycan vətəndaşında İİV-ə yoluxma qeydə alınıb.

 

Əcnəbilərə gəlincə, inyeksion narkotik istifadəsi nəticəsində 41 (24,6%) kişi və 7 (4,2%) qadın, hetroseksual kontakt nəticəsində 48 (28,7%) kişi və 27 (16,2%) qadın, homoseksual kontakt nəticəsində 2 (1,2%) kişi, naməlum yolla 40 (24%) kişi və 2 (1,2%) qadın İİV-ə yoluxub. Ümumiyyətlə, bu müddət ərzində 167 əcnəbidə İİV-ə yoluxma qeydə alınıb.