Braziliyada korrupsiya ilə rüşvətxorluğa etiraz edən, ölkə prezidenti Dilma Ruseffin impiçmentini tələb edən 2 milyon insan küçələrə çıxaraq yürüş edib.
 
Milli.Az El Mundo-ya istinadən bildirir ki, ölkənin 74 şəhərində etiraz aksiyalarına çıxan braziliyalılar hökumətin buraxılmasını və təcili prezident seçkilərinin keçirilməsini, habelə hərbçilərin "işə qarışmasını" tələb ediblər.
 
Şüarların çoxunda yazılıb: "Ordu, donanma və Hərbi-Hava Qüvvələri! Lütfən, işə qarışın, bizi kommunizmdən xilas edin!"
"Fora Dilma!" ("Rədd ol, Dilma!") şüarlarınınsa sayı-hesabı yoxdur.
 
Rio-de-Janeyro və paytaxt Brazilia ilə yanaşı, müxalifətçilərin "qala"sı sayılan San-Pauluda nümayişlər daha böyük olub.
Etiraz aksiyalarının iştirakçıları prezident Dilma Ruseffi iqtisadi böhranda və ölkədə korrupsiyanın artmasında suçlayırlar. Vətəndaşlar 2003-2010-cu illərdə Ruseffin direktorlar şurasının sədri olduğu "Petrobras" neft korporasiyası ilə bağlı rüşvət qalmaqalının obyektiv araşdırılmasını istəyirlər.
 
Bu yaxınlarda bəlli olub ki, "Petrobras" rəhbərliyindəki şəxslər rüşvət müqabilində müqavilələr imzalayaraq, müqavilənin məbləğinin 3 faizi miqdarında pul alıblar. Sonralar bu pullardan siyasətçilər və məmurların ələ alınmasında istifadə olunub.
 
Ölkədə bahalaşma və rüşvətxorluğun artması bu "ideya"nın müəlliflərinə 10 milyard real, yəni təqribən 3,8 milyard dollar qazandırıb.
Prezident D.Ruseff və onun başçılıq etdiyi Zəhmətkeşlər Partiyası korrupsiya ittihamlarını rədd edirlər.
 
Braziliya şəhərlərinə çıxanlar ölkənin Venesuelaya çevrilməməsini, avtoritar rejimin bərqərar olmasını istəmədiklərini deyiblər.
Dilma Ruseffə qarşı bir sıra ölkələrdə də nümayişlər olub. Nyu-Yorkda Yunion Skuerə 100 braziliyalı, Braziliyanın Parisdəki səfirliyinin qarşısına isə 80 braziliyalı çıxaraq Ruseffin impiçmentini tələb ediblər.
 
Braziliyanın ədliyyə naziri Joze Eduardu Kardozu dövlət başçısının istefasına çağırışları "ciddi səhv" adlandırıb: "İmpiçment və hərbçilərin işə qarışması ilə bağlı tələblər çevriliş qoxusu verir. Bunlar ötən il keçirilmiş seçkilərdə məğlub olmuş müxalifət partiyalarının revanş cəhdidir".
 
Milli.Az