Azyaşlılara qarşı törədilən mənəvi və fiziki zorakılıq ailə çərçivəsindən çıxaraq cəmiyyətin müxtəlif sferalarını əhatə etməyə başlayıb. Hətta bəzi valideynlər övladını insanların qarşısında şillə-təpik altına salmaqdan belə çəkinmir. Məsələn, metronun foyesində qeydə alınan kadrlardakı kimi. Valideyn sözünə qulaq asmayan övladını insanların arasında sürüyərək aparır.

Valideynin bu cür münasibətilə qarşılaşan azyaşlılar isə kifayət qədərdir. Statistikaya görə, dünyada 14 yaşına qədər 2,5 milyon uşaq valideyni tərəfindən döyülür. Sərt rəftardan xilas olmaq üçün 50 mindən çox uşaq hər il evdən qaçır. Uşaqlara qarşı fiziki zor onun cinayətə əl atmasına da səbəb ola bilər.

Psixoloqlar hesab edir ki, fiziki zədə, xəsarət, kəskin psixoloji pozuntu istənilən aqressiyanın nəticəsidir. Bu cür uşaqlarda həmişə ağır depressiya və natamamlıq hiss olunur. Ailədə döyülən uşaqlar gələcəkdə ailə başçısı olanda öz övladlarına eyni münasibəti göstərirlər.

Psixoloq Dəyanət Rzayev belə düşünür: "Zorakılığa məruz qalan uşaq böyüyür və onun da 3-4 uşağı olur. O zaman o da hər bir övladına eyni münasibəti göstərir. Onun uşaqları da gələcəkdə öz övladlarına qarşı eyni münasibəti göstəricək. Sonda isə cəmiyyətin özü bundan əziyyət çəkir. İntiharların artması, pisxoloji durum, məhz bütün bunlar balaca epizodlardan başlayır”.

Əslində azyaşlı övladına qarşı fiziki zor tətbiq edən valideynə qarşı cəza nəzərdə tutulur. Cinayət və İnzibati Xətalar Məcəllələrinə müvafiq olaraq müxtəlif cərimələrdən, inzibati məsuliyyətdən tutmuş, 3 il müddətinə həbsə qədər cəzalar nəzərdə tutulur.

Uşaqlarını incidənlərə dinimiz hansı cəzaları nəzərdə tutur? İslam valideynin övladına nəvaziş və rəhmətlə davranmasını tələb edir.

“Peyğəmbər öz övladlarını hər gün yoxlayır, onların nazını çəkirdi. Məscidə gedən zaman isə çiynində aparırdı. Məsciddə minbərdə əyləşdiyi zaman öz övladını dizinin üstündə əyləşdirirdi. Bütün bunlar islamda, daha sonra valideynin uşaqlara əxlaqı dəyərlərlə rəftar etməsinə əsas verir. Övladın onun üzünə qayıdacaq dərəcəyə çatdıran valideyin isə peyğəmbər dilindən lənətlənmiş bir valideyindir”, - deyə ilahiyyatçı Hacı Fuad Pənahlı bildirib.

Təbii ki, uşağa qarşı istənilən sərt münasibətin ağır sonluqları qaçılmazdır. Ancaq bunların hamısını birləşdirən bircə nəticə var: sağlam uşağı zədələmək və ya onun həyatı üçün təhlükə.

Bu günün uşağını döymək sabahın döyən valideynini yetişdirməkdir. Odür ki, “öz uşağımdır, özüm bilərəm necə rəftar edirəm” fikrindən birdəfəlik əl çəkməyin vaxtı gəlib çatıb.

Mənbə
ANS TV: Vüsalə Xaməmmədqızı