Bakı, 16 mart, AZƏRTAC
Polşa sərhədçiləri qeyri-leqal mühacirətin qeyri-adi üsulu ilə üzləşiblər. Fransa vətəndaşı rus arvadını Avropa İttifaqı ərazisinə çamadanda keçirməyə cəhd edib. Belə ki, qadının sənədlərində problemlər olduğundan o, sərhədi qanuni yolla keçə bilmirmiş.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, qeyri-adi baqaj Terespol şəhərində qanun keşikçilərinin diqqətini cəlb edib. Yerli KİV-lərin məlumatına görə, Moskva – Nitsa marşrutu ilə hərəkət edən beynəlxalq qatarın sərhəd nəzarəti zamanı polis əməkdaşları Fransa vətəndaşının baqajında gizlədilmiş qadın aşkarlayıblar. Axtarış zamanı qadında Rusiya pasportu tapılıb.
Sərhədçilər sərhədi qeyri-qanuni keçməyin müxtəlif üsullarını gördüklərini, lakin çamadan vasitəsi ilə insan daşınmasına ilk dəfə rast gəldiklərini deyirlər.
Qadın və onun həyat yoldaşı cinayət məsuliyyətinə cəlb olunacaqlar. Polşa qanunlarına görə, sərhədi qeyri-leqal keçməyə cəhd edənləri 3 il müddətinədək azadlıqdan məhrumetmə cəzası gözləyir.