Bakı, 16 mart, AZƏRTAC
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Mohammad Taqi Xalili ilə görüşüb.
İqtisadiyyat və Sənaye Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Şahin Mustafayev Azərbaycan və Əfqanıstan arasında əlaqələr və əməkdaşlığın genişləndirilməsi imkanlarını diqqətə çatdırıb. Nazir bildirib ki, ölkələrimiz arasında ticarət əlaqələrinin inkişafı, enerji, tranzit, təhsil və digər sahələrdə əməkdaşlıq üçün potensial mövcuddur, Əfqanıstan Azərbaycanın neft-qaz sahəsindəki təcrübəsindən yararlana bilər. Azərbaycan şirkətləri Əfqanıstanda mədən, tikinti materiallarının istehsalı, su, enerji və infrastruktur layihələrinin icrasında maraqlıdır.
Şahin Mustafayev ölkələrimiz arasında əməkdaşlığın inkişafı baxımından hüquqi bazanın genişləndirilməsinin vacib olduğunu və bu sahədə işlərin sürətləndirilməsinin əhəmiyyətini qeyd edib. Bütün bu işlərin həyata keçirilməsi üçün isə ilk olaraq ölkələrimiz arasında işçi qrupu yaradıla bilər.
Mohammad Taqi Xalili Azərbaycan nümayəndə heyətinin bu yaxınlarda Əfqanıstana səfərini xatırladaraq, səfərin və keçirilmiş görüşlərin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Səfir Əfqanıstan və Azərbaycan arasında əlaqələrin inkişafı istiqamətində müzakirə edilən məsələlərin reallaşdırılması üçün səylərini davam etdirəcəyini bildirib.
Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı, Əfqanıstan nümayəndə heyətinin ölkəmizə nəzərdə tutulan səfəri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.