Böyük bir stadionun ortasında toplaşan 500 adam...

Hər dəfə müxalifət mitinq keçirərkən yaxınlıqdakı binanın üstündən çəkilmiş foto sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilir. Mitinqin ajiotajından daha çox, paylaşılan belə fotolar cəmiyyətin diqqətini cəlb edir. Belə sönük mitinqləri təşkil edənlər məzəmmət edilir, qınanılır.

Belə məzəmmətli mitinqlərdən biri də ötən gün "İnşaatçılar" metrosu yaxınlığındakı "Məhsul" stadionunda baş tutdu. Stadiona "məhsul" adı verilsə də toplaşma heç də məhsuldar alınmadı. Halbuki ondan əvvəl mitinqə ümidlər böyük idi. Manatın devalvasiyası, Avropa Oyunları ilə bağlı yayılan məlumatlar, beynəlxalq səviyyədə aparılan qara piar kampaniyaları müxalifətin ümidlərini artırmışdı. Bir çağırışla Avropa Oyularından və manatın devalvasiyasından narazı olan on minlərlə qəzəbli vətəndaş meydana axışacaq və müxalifətə yeni həmlə etmək imkanı verəcəkdi. Sosial problemlərdən, insanların yaşam instinktlərindən yararlanaraq müxaliflər nəsə qazanmağa çalışacaqdılar. Amma olmadı...

Mitinqlə bağlı müxalifət və hökumət tərəfindən fərqli rəqəmlər açıqlandı. Milli Şura meydana 10 min nəfərin toplaşdığını desə də, Daxili İşlər Nazirliyinin açıqladığı rəqəm fərqli idi. DİN-in yaydığı məlumatda deyilirdi ki, saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, İslam və Xalq partiyalarının, eləcə də bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 600 (altı yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. Mitinqin keçirildiyi məkandan yayılmış cəmi bir fotoşəkil müxalifətin bütün təbliğatını puç elədi.

Bəs müxalifətin bu dəfə də uğursuz mitinq keçirməsinin səbəbi nə idi? Biz bu təhlilimizdə pafoslu ifadələrdən uzaq olmağa çalışacağıq.

Milli Şuranın keçirdiyi mitinqin sönük keçməsi ilə bağlı fikirlər birmənalı deyil.  Müsavat cəbhəsində döyüşənlər bildirirlər ki, onların iştirakı olmadan izdihamlı aksiya keçirmək mümkünsüz idi. Ona görə də AXCP-nin kurasiyasında olan Milli Şuranın aksiyasının belə keçəcəyi gözlənilən idi. Azərbaycan müxalifətindəki əbədi AXCP-Müsavat qarşıdurması bu dəfə də özünü aydın şəkildə büruzə verdi. Milli Şuranın ünvanına ittihamlar səsləndi. Hətta onların belə sönük mitinq keçirməklə hakimiyyətə xidmət etdiklərini deyənlər də tapıldı.

Müsavat tərəfindən səslənən fikirlərdə həqiqət payı olsa da, yalnışlıqlar da az deyil. Çünki AXCP və Müsavatın birlikdə keçirdikləri mitinqlər də izdihamı ilə seçilməyib. 2013-cü ildə prezident seçkiləri zamanı Müsavatın da daxil olduğu koalisiya da belə sönük mitinqləri ilə yadda qalırdı. Ölkədə siyasi proseslərin qızğın olduğu məqamda səs-küyə səbəb olan, hakimiyyəti özü ilə hesablaşmağa vadar edən aksiyalar keçirə bilməyən müxalifətin indiki zamanda geniş protest elektoratı toplayacağını da heç kim gözləmirdi.

Biz iddia etmirik ki, manatın devalvasiyası ilə bağlı insanlarda narazılıq yoxdur. Ancaq insanlar nə qədər narazı olsalar da, seçdikləri prezidentə inanırlar. Bütün dünyanı bürüyən iqtisadi çətinlikləri adlayacaqlarına əmindirlər. Buna görə də müvəqqəti olan iqtisadi çətinliklərdən dolayı hər dəfə imkan düşəndə ölkədəki sabitliyə zərbə vurmağa çalışan insanların yanında olmaq istəmirlər.

Teymur Hacıyev
Milli.Az