Qars, 16 mart, AZƏRTAC
Türkiyənin Qars şəhərindəki mərkəzi prospektlərdən birinə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı verilib. Bu prospektdə Azərbaycanın Qarsdakı baş konsulluğunun inzibati binası, Qars vilayətinin valiliyi, bəzi yerli dövlət qurumları, 1921-ci ildə Qars müqaviləsinin imzalandığı tarixi bina, o cümlədən bir sıra qədim tikililər yerləşir.
Qars şəhər bələdiyyəsinin bu qərarının əhəmiyyətindən danışan Azərbaycanın baş konsulu Ayxan Süleymanlı AZƏRTAC-ın xüsusi müxbirinə bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında böyük xidmətləri olub. Ümummilli Liderin ölkələrimizin əlaqələrinin inkişafı ilə bağlı siyasəti Azərbaycanın ayrılmaz parçası Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin həmsərhəd bölgələrindən olan Qars və İğdır vilayətlərində həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olub. Odur ki, Qars şəhər bələdiyyəsinin Heydər Əliyevin adının əbədiləşdirilməsi istiqamətində qəbul etdiyi qərar tarixi əhəmiyyət və böyük mənəvi dəyər daşıyır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Qars
