Prezident Serj Sarkisyanın təsdiqlədiyi konstitusiya islahatları konsepsiyasına görə, Ermənistan prezident ölkəsindən parlament ölkəsinə çevriləcək. Erməni dövlətinin başçısı özü hesab edir ki, islahatlar ölkənin demokratik inkişafı üçün yeni imkanlar təmin edir.

Bunu niyə prezident üsul-idarəsi zamanı etməyin mümkün olmadığını isə demir.

Təbii ki, idarə etmə üsulunun dəyişdirilməsinin Serj Sarkisyana hakimiyyəti əlində saxlamaq üçün imkan yaradacağını bildirən erməni ekspertləri daha doğru düşünür. O, baş nazir keçərək ömrünün axrına qədər bu kürsüdə otura bilər.

Yeni konstitusiya islahatları referendumda qəbul edilməlidir, amma bir çoxları nəticələrin indidən müəyyən olduğunu bildirirlər. Bu ilin sonuna və gələn ilin əvvəllərinə nəzərdə tutulan referendum artıq indidən politoloqlarda ciddi narahatçılıq doğurur.

Politoloq Levon Şirinyan bununla bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, parlament üsul-idarəsi Ermənistana bədbəxtlik gətirəcək və bu, ölkəni dağıdacaq.

"Ölkənin demokratikləşdirilməsinin idarə üsuluna heç bir dəxli yoxdur. Əgər konstitusiya islahatları müstəqil məhkəmə sisteminin təmin edilməsini əhatə etmirsə, bu, tam bir blefdir", - deyə Levon Şirinyan vurğulayır.

Politoloqun fikrincə, parlament üsul idarəsi güclü siyasi partiyaların olmasını tələb edir ki, bu gün Ermənistanda belə partiyalar yoxdur.

Mənbə
ANS PRESS