Dünya bazarında xam neftin həcmləri artıb, təklif tələbatı üstələyib. Qiymətlərin aşağı səviyyədə olması, ABŞ-da neft hasilatı səviyyəsinin artımı amerikalılarla ərəblər arasındakı qiymət rəqabətini daha da kəskinləşdirib.
Fars Körfəzi ölkələrini "ram" etməyə çalışan amerikalıların hasilatı artırmaqla irəliləmək cəhdlərini görən ərəblər də rəqibdən dala qalmamaq üçün oyun qaydalarına uyğunlaşmaq məcburiyyətindədir. Bu isə xam neftin qiymətlərini daha da ucuzlaşdıra bilər.

Fars Körfəzi ölkələrini "ram" etməyə çalışan amerikalıların hasilatı artırmaqla irəliləmək cəhdlərini görən ərəblər də rəqibdən dala qalmamaq üçün oyun qaydalarına uyğunlaşmaq məcburiyyətindədir. Bu isə xam neftin qiymətlərini daha da ucuzlaşdıra bilər.

ABŞ-dakı iri neft şirkətlərinin rəhbərləri ölkənin hakimiyyət dairələrinə müraciət edərək "qara qızıl"ın ixracı ilə bağlı 1973-cü ildən bəri qüvvədə olan embarqonun ləğvini tələb edirlər.
Aralarında ConocoPhillips, Marathon Oil və Chesapeake Energy kimi nəhənglər olan 11 şirkət ABŞ prezidenti Barak Obamanın enerji siyasəti məsələləri üzrə müşaviri Brayan Dizə, habelə bir sıra konqresmenlərə ünvanladıqları məktubda istəklərini açıqlayıblar.
Məktubda vurğulanır ki, dünya bazarlarında Brent və WTI markalı xam neftlər arasındakı qiymət fərqləri artdığından ABŞ-da hasil olunan "qara qızıl"ın ixracına başlamaq üçün əlverişli şərait yaranıb.


Hazırda həmin neft markaları arasında fərq 1 barrel üçün 10 dollara çatıb.
Ötən həftənin əvvəlində Brent markalı xam neftin 1 barreli 60 dollar idisə, WTI markalı neftin 1 barreli təqribən 50 dollara satılırdı.
Qlobal miqyasda neft qiymətlərinin artmasının əsas səbəblərindən biri də ABŞ-da "qara qızıl" hasilatının həcmi ilə neft və benzin ehtiyatlarının səviyyəsinin atımıdır. ABŞ-ın Energetika Nazirliyinin son hesabatına görə, son həftədə ölkədə xam neft ehtiyatları minimum 4,5 milyon barrel artaraq 448,9 milyon barrelə çatıb. Bu isə son 80 ildə absolyut rekorddur.
Birləşmiş Ştatlarda neft hasilatının toplam həcmi sutkada 9,37 milyon barrelə çatıb. Bu isə 1983-cü ildən bəri maksimal səviyyədir.
ABŞ-ın neft şirkətlərinin müraciəti dünya bazarlarında qiymətlərin dərhal, sürətli və təcili artımını şərtləndirmir. Yox, sadəcə olaraq Birləşmiş Ştatlarda yeni "oyunçu"lar ixracat və satış bazarlarına çıxmaq istəyirlər.


O da var ki, Birləşmiş Ştatlarda hazırda 5 mindən artıq neft şirkəti fəaliyyət göstərir. İxracata qoyulmuş embarqonun götürüləcəyi təqdirdə bəzi neft şirkətləri böyük gəlirlər əldə edəcəksə, əksər şirkətlər müflis olacaq və bağlanacaqlar.
Səbəblər sadədir. Düyna neft bazarında təklif elə indi tələbatı xeyli üstələyib.
Bloomberg-in hesablamalarına görə, 2015-ci ilin ilk yarımilində neft çox böyük sürətlə satılsa da, artıq qalan həcm minimum 300 milyon barrel təşkil edəcək.
Belə bir durumda amerikalıların neft bazarlarına kütləvi şəkildə çıxışları "qara qızıl"ın qiymətlərini sürətlə aşağı salacaq, WTI və Brent markalı neftlər arasında fərq yoxa çıxacaq. Neftin satış qiymətlərindən fərqli olaraq hasilatın dəyəri çox aşağı sürətlə aşağı düşdüyündən ucuzlaşma bütün ölkələrə təsir edəcək, ağır zərbələrdən ABŞ-ın neft şirkətləri də yan keçə bilməyəcəklər.


Amerikalılar bütün bunları bilirlər, amma başqa çıxış yolları qalmadıqlarını deyirlər. Birləşmiş Ştatlarda xam neft ehtiyatlarını saxlamaq üçün anbarların tutumu tükənməkdədir.
The Wall Street Journal-ın məlumatına görə, ABŞ-dakı anbarlar və rezervuarların ümumi tutumunun 70 faizi xam neftlə dolub.
Proses indiki vəziyyətdə davam edərsə, iki ay sonra Birləşmiş Ştatlarda, sadəcə olaraq, nefti saxlamaq üçün fiziki imkanlar, rezervuarlar qalmayacaq.
Neft anbarlarının sayı artmadığı halda hasilat davam edir və çarə tapılmasa, ABŞ-da "qara qızıl"ın qiymətlərində əhəmiyyətli geriləmə olacaq.
Bununla belə, amerikalılar hasil etdikləri xam nefti düyna bazarlarına çıxararaq satmağa başlasalar, situasiya lap pisləşəcək.
OPEK mütləq şəkildə ABŞ ilə kəskin rəqabətə başlayacaq, istehlakçı uğrunda mübarizə kəskinləşəcək. Mübarizənin ən effektiv vasitəsi satış qiymətlərinin daha da aşağı salınması olacaq.


Daha doğrusu, artıq qiymətlərin azalmasına yönəlmiş tədbirlər görülməyəcək - bazar payını itirməmək, müflis olmamaq, əlavə milyardlarla dolları itirməmək üçün ölüm-dirim savaşı yaşanacaq.
Səudiyyə Ərəbistanı ötən ilin noyabrın 27-də OPEK-in hasilat kvotalarının qorunması ilə bağlı qərarının qəbuluna can atanda məhz bazar payı uğrunda mübarizə aparırdı. Həmin qərardan sonra dünya bazarlarında neftin qiymətləri daha da aşağı düşdü, səudi ərəblərə qarşı şist neftin hasilatı ilə mübarizə aparmağa çalışan ABŞ ağır itkilərə məruz qaldı.
Şist neftinin çıxarılması ilə məşğul olan şirkətlərə investisiyalar azaldı, buruqlar bağlandı, bir sıra şirkətlər isə ümumiyətlə, fəaliyyətini dayandırdı.
ABŞ-ın dünya neft bazarına çıxışına imkan verməməyə çalışan səudilər daha da irəli getdilər, qiymət təzyiqinə əl atdılar və sonucda Asiya-Sakit Okean regionundakı müştərilərə diskont təklif etməyə başladılar.


Asiyalı alıcılara neft qiymətlərində güzəştlər olundu. Fəqət bu ayın əvvəlində Səudiyyə Ərəbistanı qəflətən diskontları ləğv etdi və asiyalı alıcıların xam nefti bundan sonra əvvəlki, diskolt güzəştlərinədək olan qiymətlərlə almaları gərəkdiyini bəyan etdi.
Ər-Riyad bazardakı payını və yerini qoruduğunu düşündüyü üçün amerikalılara qarşı qiymət mübarizəsini bir qədər səngitmək fikrinə düşüb.
Daha konkret olsaq, Səudiyyə Ərəbistanı Asiya ölkələrinə satdığı xam neftin qiymətini bu ayın sonlarından etibarən qaldıracaq.
Saudi Aramco Oil dövlət neft şirkətinin yaydığı açıqlamada bildirilir ki, "Arab Light" markalı neftin 1 barrelinin qiyməti 1,4 dollar bahalaşacaq. Halbuki, 2012-ci ilin əvəllərindən bəri səudilər qiymətləri artırmamışdılar.
Əksinə, fevralın əvvəlində Saudi Aramco mart fyuçerslərini 0,9 dollar ucuzlaşdırdığını bildirmişdi. Beləcə, "Arab Light" markalı neftin 1 barreli Oman və ya Dubay nefti ilə müqayisədə 2,3 dollar ucuz olmuşdu.


Səudilər son 14 ildə ən böyük diskonta əl atmışdılar.
Apreldə isə "Arab Light" markalı neftin satış qiymətləri Oman və ya Dubay neftinin 1 barrelindən cəmi 0,9 dollar ucuz olacaq.
Dünya neft bazarlarında vəziyyət ağırlaşıb. Halbuki, "qara qızıl"ın ucuzlaşmasının qarşısını almaq üçün OPEK ölkələri sutkalıq hasilatı 1,5 milyon barrel azaltsaydılar, problemi həll etmək olardı.
OPEK dövlətləri indi sutkada 30 milyon barrel neft çıxarırlar və bu, qlobal hasilat səviyyəsinin 40 faizi deməkdir.
Səudilər geri çəkilmək niyyətində deyillər. Onlar aşkar şəkildə bildirirlər ki, bazarda səudi nefti ilə rəqabət aparan qeyri-rentabel layihələr, xüsusilə də ABŞ-da şist neftinin hasilatı ilə məşğul olan şirkətlərin aktiviliyi aşağı düşməlidir.


Neft qiymətlərinin ucuzlaşması davam edir və bundan sonra hadisələrin hansı məcrada olacağını nə ABŞ, nə OPEK, nə də Səudiyyə Ərəbistanı bilmir.
Situasiya nəzarətdən çıxıb.
Orxan Hun
Milli.Az