[ 14 Mart 2015 15:30 ]


Bakı. Ramiz Mikayıloğlu - APA. “Pakistan Azərbaycanın terrorizm və cinayətkarlığa qarşı mübarizə sahəsində təcrübəsindən bəhrələnmək istəyir”.

Bunu APA-ya açıqlamasında Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov deyib.  


D. Şikarov bildirib ki, Pakistan dünyada terrorizmdən ən çox əziyyət çəkən ölkələrdən biridir: “Azərbaycanda sonuncu dəfə 17 il əvvəl Ermənistan xüsusi xidmət orqanları bir terror hadisəsi törədib. Çox şükür ki, o vaxtdan heç bir terror hadisəsi baş vermir. Bu da Azərbaycanda hüquq-mühafizə orqanlarının işinin peşəkar səviyyədə və düzgün təşkil etməsindən irəli gəlir. Biz Pakistan tərəfinə Azərbaycanın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməyi, təcrübəsindən faydalanmağı təklif etmişik. Bununla bağlı Pakistan Daxili İşlər Nazirliyinin nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir. Bu səfər yaxın 4 ay ərzində baş tutacaq. Pakistanda ümumiyyətlə, Azərbaycan hüquq-mühafizə orqanlarının işinə heyranlıqlarını gizlətmirlər”.

D. Şikarov qeyd edib ki, Azərbaycanda törədilən cinayətlərin demək olar ki, 98 faizi açılır: “Amma təəssüf ki, Pakistanda bu göstərici yarıbayarıdır. Pakistan Azərbaycan hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edərək ölkələrində terrorizmin aradan qaldırılması sahəsində birgə mübarizə aparmaq istəyirlər. Bununla bağlı yaxın gələcəkdə iki ölkənin hüquq-mühafizə orqanları arasında bir protokol da imzalanacaq”.