Astara, 14 mart, Bağır Əliyev, AZƏRTAC
Martın 14-də Astara şəhərindəki Heydər Əliyev Parkında Novruz bayramına həsr olunmuş şənlik keçirilib.
AZƏRTAC xəbər verir ki, cəngi sədaları altında meydana daxil olan Bahar qızı astaralıları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib. Mərasimdə Kosanın və Keçəlin duzlu-məzəli oyunları tamaşaçılara xoş ovqat bəxş edib. Milli paltar geyinmiş qızlar və oğlanlar meydanın mərkəzində şölənən tonqalın ətrafında dövrə vuraraq yallı gediblər.
Mərasimdə rayon idmançıları məharətlərini göstərib, bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər.
Tədbir iştirakçıları, həmçinin parkda el sənəti nümunələrindən ibarət sərgi və gənc rəssamların əl işləri ilə tanış olub, Novruz şirniyyatlarını dadıblar.