Naxçıvan, 14 mart, AZƏRTAC
Cari ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında 12 milyon 681 min manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunub. Bu, 2014-cü ilin müvafiq dövründəki göstəricidən 5,2 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu dövrdə muxtar respublikada 3,2 min ton ət, 4,7 min ton süd istehsal edilib. 2014-cü ilin yanvar-fevral ayları ilə müqayisədə ət istehsalı 5,3 faiz, süd istehsalı 1,2 faiz artıb.
Muxtar respublika iqtisadiyyatının möhkəmlənməsində, hərtərəfli və dinamik inkişafında xüsusi rolu olan bank sektorunun normal fəaliyyəti də təmin olunub. 2015-ci il martın 1-ə olan məlumata görə, muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 40 min 777-yə çatıb ki, bunun da 37 min 379-u və ya 91,7 faizi aktiv hesablardır. 2015-ci ilin yanvar-fevral aylarında açılmış 2 min 523 bank hesabının 2 min 521-i və ya 99,9 faizi aktiv hesablar olub.
Sahibkarlıq strukturlarının kredit resurslarına çıxış imkanları da davamlı olaraq yaxşılaşdırılmaqdadır. 2015-ci ilin yanvar-fevral aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 19 milyon 957 min manata yaxın kreditlər verilib ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 2,9 dəfə çoxdur.