Onların avtomobili çaya düşəndə anladılar ki, ölümdən qurtula bilməyəcəklər. Buz kimi soyuq suya düşmüş avtomobildə olan sevgililər qucaqlaşdılar və ölümü də belə qarşıladılar.
Milli.Az Xinhua-ya istinadən bildirir ki, olay Çinin şimal-şərqindəki Szilin vilayətində yerləşən Çançun şəhərinin yaxınlığında, Manqka qəsəbəsində baş verib.
Güclü qar və boran zamanı qəsəbə kənarındakı yolla maşın sürən 36 yaşlı Çjan Dunun yanında sevgilisi, 36 yaşlı An Fen vardı.
Qəflətən maşın yolda sürüşüb və aşaraq çaya düşüb.
Avtomobilin buzu qıraraq suya batdığını anlayan Çjan qapını açmağa çalışsa da, buna nail olmayıb.
Polis və xilasedicilər avtomobili çaydan çıxaranda Çjanla Fen qucaqlaşmış vəziyyətdə idilər.
Onlar belə də ölmüşdülər.
Çjanın ailə üzvlərinin dediklərinə görə, o və An bərə vasitəsilə çayın o biri sahilinə keçmək istəyirdilər.
Balıqçı Yi Lyan maşının çaya düşdüyünü görüb.
"Qayığı sahildən aralayıb avtomobilin suya düşdüyü yerə yönəltdim. Maşında iki nəfər vardı. Onların su üzünə çıxmalarını gözləyirdim ki, dartım çıxardım, kömək edim. Amma maşından kimsə çıxmadı", - Yi Lyan söyləyib.
An Fen boşanmışdı və əvvəlki nikahdan bir qızı vardı.
Milli.Az





