Roma, 13 mart, AZƏRTAC
İnsan Hüquqları üzrə Ermənistan Helsinki Komitəsi bu ölkədə 2011-2012-ci illərdə məhbuslara qarşı zorakılıq hallarının araşdırıldığı hesabat hazırlayıb. Bu barədə məlumat İtaliyanın “İl Garantista” qəzetində dərc olunub.
Hesabat hər hansı məlumatı əldə etmək və ya şübhəli şəxsə əməlini etiraf etdirmək üçün sistematik şəkildə işgəncənin tətbiq olunmasının Ermənistan həbsxanalarında prosedur metodologiyasına çevrildiyini üzə çıxarıb.
Tədqiqatda Ermənistan həbsxanalarında fiziki, psixoloji və əqli zorakılıq tətbiq edilməklə məhbuslara qarşı qeyri-insani və ləyaqəti alçaldan rəftarı nümayiş etdirən bir sıra nümunələr öz əksini tapıb. Bu zorakılıq əməlləri müxtəlif kəsici alətlər və elektrik cihazlarından istifadə etməklə də tətbiq olunur. Hesabatda o da vurğulanır ki, Ermənistan qanunvericiliyində əsas pozuntulardan biri də şübhəlilərin və məhbusların “öz hüquqlarını bilmək” hüquqlarının pozulmasıdır.
Sorğuda iştirak edən respondentlərin əksəriyyəti həbsin ilkin mərhələsindən etibarən heç bir hüquqi yardım almadıqlarını bəyan ediblər. Dindirmə prosesi çoxlu sayda polisin iştirakı ilə təzyiq mühitində həyata keçirilir.
Araşdırmada Ermənistan Konstitusiyasında “Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan cəza və ya rəftara məruz qalmamalıdır” maddəsinin olmasına baxmayaraq, müvafiq istiqamətdə bu ölkənin qanunvericiliyində boşluqların olduğu vurğulanır. Belə ki, bir çox hüquqşünaslar və mütəxəssislər Ermənistanın milli qanunvericiliyi ilə müəyyən olunmuş “işgəncə” anlayışının heç də beynəlxalq hüquq normalarına və BMT tərəfindən qəbul edilmiş konseptə uyğun olmadığını düşünür. Çünki bu ölkədə hər hansı işgəncə əməli yalnız məhkəmə prosesi gedən ərəfədə tətbiq olunduğu zaman cəzalandırılır. İşgəncənin digər növləri, misal üçün həbsxana daxilində tətbiq olunan zorakılıq halları cəzasız qalır.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma