[ 13 Mart 2015 14:07 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), BP və Türkiyənin BOTAŞ şirkəti arasında Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi çərçivəsində müqavilə imzalanıb.

"APA-Economics”in məlumatına görə, bu barədə “Anadolu” agentliyi xəbər yayıb.

 

Müqavilənin detalları hələlik açıqlanmır.

 

Qeyd edək ki, bundan öncə “APA-Economics”in verdiyi xəbərə görə, “BOTAS” “BP Pipelines” şirkəti Türkiyə Antiinhisar Komitəsinə Transanadolu boru kəmərinin (TANAP) tikintisi üzrə konsorsiumda pay almaq üçün müraciət ediblər.

 

“BOTAŞ” şirkəti TANAP layihəsində 30%-lik, "BP Pipelines" isə "Gas Corridor Closed Joint Stock Company" konsorsiumunda 12%-lik pay almaq niyyətindədir.

 

“Şahdəniz Mərhələ-2” layihəsinin dəyəri 28 mlrd. dollar təşkil edir. İllik hasilat 16 mlrd. kubmetr həcmində olacaq. Bunun 10 mlrd. kubmetri Avropa, 6 mlrd. kubmetri isə Türkiyənin qərb regionlarına nəql olunacaq. Azərbaycan qazının Avropaya nəqlinə 2019-cu ildə başlanılacaq.

 

TANAP “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcəyi ehtimal olunur. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək.

 

TANAP layihəsinin səhmdarları 2015-ci ildə qaz kəmərinin təməlqoyma mərasimini keçirməyi, 2018-ci ildə onu istifadəyə verməyi planlaşdırırlar. TANAP layihəsi $10-11 mlrd. dəyərində qiymətləndirilir. Hazırda TANAP layihəsində şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR (ARDNŞ) - 58%, BP - 12%, BOTAS - 30%.