Eramızdan əvvəl 63-cü ildə Qədim Romada Mark Tullius Siseron konsul seçiləndə onun namizədliyini senator Katilina müzakirələrə çıxarmışdı. Roma Senatının qarşısındakı Forumda müzakirələrdən xəbər tutanda Siseron gülümsəmiş, demişdi: "Epistula non erubescit". Yəni "Yazılar utanıb qızarmır".
Siseron onu "müzakirə" edənlərin, yəni əslində böhtan ataraq yalanları yaymağa çalışanların utanmadan uydurmaları həqiqət kimi qələmə vermələrinə təəcüblənmədiyinə işarə vurmuşdu.
Adının hərfi mənası "Azadlıq Evi" olan beynəlxalq "Freedom House" da son illərdə Azərbaycanı hədəfə alıb.
Hakimiyyəti, hansısa qərarı, yürüdülən siyasəti yox - məhz Azərbaycanı, insanları, ölkəni.
Təşkilatın Azərbaycanla bağlı son 14 hesabatda iqtidar-müxalifət münasibətləri, insan haqları və demokratik cəmiyyət dəyərləri, siyasi azadlıqlar və s. ilə bağlı məqamlara toxunulsa da, ümumi məzmun sabit, qayə dəyişməzdir: "Azərbaycan biçarə, zavallı ölkədir, yaşanılası məkan deyil".
Demokratiya və insan haqlarının müdafiəçisi olduğunu vurğulayan, az qala rəhbərlərinin qəlblərini Danko təki çıxararaq kütlələrin yoluna işıq salmağa çalışdıqlarını bəyan edən "Freedom House" son bəyanatlarında terrorçulara dəstək, separatçılara ürək-dirək verir və beynəlxalq hüququn normaları ilə mənəviyyat prinsiplərini ayaqlar altına atır.


Qərəzli iddia təsir bağışlaya bilər, amma belə deyil.
Sadəcə, bir fakt: "Freedom House"un hesabatlarında Dağlıq Qarabağdakı separatçı, terrorçu rejim dünya birliyinin tanıdığı müstəqil və suveren ölkələrlə bir tutulur.
Səbəb?
Sən demə, "Dağlıq Qarabağda seçkilər keçirilir".
Bu qüsurlu, şikəst məntiqə qalsa, "Freedom House" Abxaziya və Cənubi Osetiyadakı separatçı rejimləri də "demokratiya cəngavərləri, insan haqlarının bayraqdarları" saymalıdır.
Saymır, çünki ABŞ Dövlət Departamentinin "hələlik Tbilisiyə toxunmayın" tapşırığı yerinə yetirilir.
Həmin tapşırıq dəyişərsə və diametral əks əmr olarsa, şübhəniz olmasın ki, "Freedom House" təşkilatı "müstəqil araşdırmalar, obyektiv sorğular və analitik hesabatlar" nəticəsində Gürcüstanda istibdad bıçağının vətəndaş sümüyünə dirəndiyini, Abxaziya ilə Cənubi Osetiyanın da "azad seçkilər" keçirərək özlərini seçərək azad olmağa çalışdıqlarını yazacaq.
"Freedom House" Azərbaycanla bağlı mütəmadi dinləmələr, müzakirələr keçirir, hər dəfə də ağın nə qədər qara, qaranın da bəmbəyaz olduğunu göstərməyə çalışır.
Martın 18-də keçiriləcək növbəti müzakirələrdə Azərbaycanla yanaşı, Türkiyə də hədəfə alınıb.
"Türkiyə və Azərbaycanda azad media ilə vətəndaş cəmiyyətinin durumu" adlı dinləmələrə qatılacaq fiqurlar arasında "tanış" sima da var: o, ABŞ-ın Milli Demokratiya Fondunun (National Endowment for Democracy, NED) Yaxın Şərq və Şimali Afrika proqramları üzrə rəhbəri Riçard Kramerdir.
Azərbaycanın coğrafi koordinatları Yaxın Şərq, ələlxüsus da Şimali Afrikadan fərqli məkanda yerləşməsinə rəğmən, ölkəmizi müzakirə edənlər arasında həşəmətli cənab Kramerin olması təəccüb doğurmur.


Çünki bu şəxs Vaşinqtondakı hansısa fastfud restoranında iki meksikalı miqrant və ya livanlı mühacirlərin belə, Azərbaycanla bağlı söhbətlərinə qatılaraq qiymətli fikirlərini deməyə həmişə hazırdır.
Şimali Afrika və Yaxın Şərq ölkələrində "ərəb baharı" adlanan, əslində isə ABŞ-ın ssenarisi, rəhbərliyi və bilavasitə iştirakı ilə həyata keçirilən dövlət çevrilişləri, qiyamlar və qanlı olayların müəllifləri arasında yer alan NED-in həmin bölgələr üzrə mütəxəssisi D.Kramerin Azərbaycana olan "sevgi"sinin kökündə rəsmi Bakının yürütdüyü siyasətdən narazılıq, daha doğrusu, Bakının NED-in yaramaz fəaliyyətindən narazılığının doğurduğu qıcıq dursa belə, özünü "analitik" adlandıran şəxsdə məntiqin son vaxtlar dördnala axsaması maraqlı situasiya təsiri bağışlamağa başlayıb.
Amerikalıların məşhur lətifələrindən birindəki "Və şən klounlar" deyimi Devid Kramerin Azərbaycanla bağlı müzakirələrdəki çıxışlarını, əfsuslar olsun ki, səciyyələndirən anlama çevrilməkdədir.
Heyhat, duruma bax ki, azərbaycanlıları geosiyasi tapşırıqlar müstəvisində afrikalılarla bir tutan Kramer ölkəmizdə də "bahar" ssenarisinə can atır.
Amma bu bahar demokratiyanın xəzanıdır.
Gərçi "Freedom House" bunu inkar etsə də.
Orxan Hun
Milli.Az