Dünyanın ən məşhur yazıçılarından biri, populyar və yüz milyonlarla insanın əsərlərini az qala əzbər bildiyi yazıçı Terri Pratçett dünyasını dəyişib.
"Terri Pratçett" kimi tanınan ingilis yazıçı, ser Terens Devil Con Pratçett dünən evində vəfat edib.

66 yaşlı yazıçı illərdən bəri Alsheymer xəstəsi idi.
Onun ölümü barədə ilk xəbər verən yazıçı ilə 40 ildən bəri əməkdaşlıq edən "Transworld Publishers" nəşr evi olub.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Terri Pratçett ümumi tirajı 85 milyon nüsxədən artıq olmuş 72 kitab yazıb. Onun əsərləri arasında ən məşhurları "Yastı dünya" adlı seriyadır.
 
Terri Pratçettin 13 yaşı olanda onun ilk hekayəsi məktəb jurnalında çap olunmuşdu. İki il sonra həmin hekayə "Science Fantasy" jurnalında çap olundu.
 
Müəllif "Qalxan buxar" adlı son əsərini ötən ilin yayında başa vurmuşdu.
 
2007-ci ildə müayinə zamanı Alsheymer xəstəsi olduğu aşkarlanan T.Pratçett 2012-ci ildən müstəqil yaşaya bilmirdi. O, əsərlərini nitqi formalaşdıran xüsusi qurğu vasitəsilə köməkçisinə diqtə edirdi.
 
Milli.Az