Bakı, 12 mart, AZƏRTAC
Baharın gəlişini təcəssüm etdirən bayramlar - Azərbaycan xalqının Novruz və Moldova xalqının Mertsişor bayramları ərəfəsində 2015-ci il martın 10-da Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfirinin xanımı Natəvan Makili-Əliyeva Moldova Respublikasının birinci xanımı Marqarita Timofti ilə birlikdə Moldovanın Sınjereya rayonunun Dreqeneşt kəndində S.George adına Qocalar evində olub.
Xeyriyyəçilik fəaliyyətində iştirak edilməsi Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin, o cümlədən Moldovadakı diplomatik nümayəndəliyinin işində prioritet vəzifələrdən biridir. Bu xeyirxah işdə Moldovanın Azərbaycan diasporu səfirliyə fəal kömək göstərir.
Azərbaycanın Moldova Respublikasındakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Qocalar evinin sakinləri ilə görüşdə Moldova Respublikasının birinci xanımı Marqarita Timofti qeyd edib ki, qocalara qayğı bütün cəmiyyətin və onun hər bir üzvünün mənəvi borcudur. Qocalar evində yaşayış şəraitini yaxşılaşdırmaq lazımdır, lakin ölkənin ahıl vətəndaşının belə müəssisədə yerləşdirilməsinin qarşısını almaq daha vacibdir. Axı burada yaşlı insan nə qədər rahat yaşasa da, doğma ocağının və ailəsinin xiffətini çəkəcək.
Natəvan Makili-Əliyeva xüsusilə qeyd edib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bütün azərbaycanlı qadınlar üçün olduğu kimi, onun üçün də layiqli nümunədir.
Qocalar evinin rəhbərliyi adından Lyudmila Merenyuk cəmiyyətin ən müdafiəsiz üzvləri olan tənha və qoca insanların problemlərinə daim diqqət və qayğı göstərdiyinə görə Azərbaycan səfirliyinə böyük minnətdarlığını bildirib.