Bakı, 12 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinə tunc üzükdən ibarət yeni tapıntı təqdim olunub.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, muzeyə təhvil verilmiş üzük Tərtər rayonunun Qızıloba kəndində təsadüfən tapılıb. Üzük en kəsiyi rombvari olan halqadan və yarpaqşəkilli yastı qaşdan ibarətdir. Qaşın üzərinə isə mərkəzində nöqtə olan yeddi dairə zərb edilib. Onun diametri 18, uzunluğu 21 millimetrdir.
Muzeyin arxeologiya fondunun müdiri, tarix üzrə fəlsəfə doktoru Nasir Quluzadə sözügedən tapıntının XVII-XIX əsrlərə aid edildiyini bildirib. Üzük təmsil etdiyi dövrün məişətinin və metalişləmə sənətinin öyrənilməsi baxımından əhəmiyyətlidir.