Tovuz, 12 mart, AZƏRTAC
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) “Sağlam həyat tərzi - gənclərin iştirakı ilə ictimai müzakirələr” adlı layihə çərçivəsində martın 12-də Tovuz şəhərində tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, “Gənclər sağlam həyat tərzini seçir” mövzusunda təşkil olunan tədbirdə TUMİB-in sədri Çingiz Bayramov çıxış edərək, yeniyetmə və gənclərin yüksək təhsil alması və fərdi təşəbbüslərinin üzə çıxarılması istiqamətində görülən işlərdən danışıb. Bildirilib ki, layihənin əsas məqsədi regionlarda yaşayan gəncləri sağlam həyat tərzi və reproduktiv sağlamlıq haqqında maarifləndirməkdir.
Tədbirdə dövlət gənclər siyasəti, gənclərin idmana cəlb edilməsi üçün həyata keçirilən tədbirlər, onların intellektual səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlər barədə məlumat verilib, bu sahədə zəngin qanunvericilik bazasının yaradıldığı qeyd olunub.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.