“I Avropa Olimpiya Oyunlarının keçirilməsi ərəfəsində Azərbaycana qarşı təzyiq mexanizminin həyata keçirilməsinin ən əsas səbəbi məhz ölkəmizin analoqu olmayan inkişafının bəzi xarici dövlətlər və təşkilatlar tərəfindən qəbul edilə bilməməsi ilə bağlıdır”. Milli.Az xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında politoloq Elman Nəsirli deyib.

Onun sözlərinə görə, ölkəmizin istənilən sahə üzrə sürətli inkişafını xarici qüvvələr həzm edə bilmirlər: “Ölkə prezidenti cənab İlham Əliyev də öz çıxışlarında dəfələrlə bildirib ki, bəzi qüvvələr vardır ki, bizə açıqca bildirirlər ki, öz inkişaf tempinizi aşağı salın. Ancaq bu cür ifadələrə baxmayaraq, dövlətimiz öz seçdiyi inkişaf yolundan çəkinmir, uğurlu gələcəyə doğru inamla addımlayır və bu yoldan bizi heç kəs çəkindirə bilməz.

Belə olan təqdirdə də bəzi beynəlxalq qüvvələr öz “fəaliyyətlərini” məhz Azərbaycan əleyhinə yönəltməyə başlayırlar. Bir çox hallarda da öz fəaliyyət effektinin daha yüksək olması üçün həmin qüvvələr Azərbaycan üçün önəmli ola biləcək məqamları seçirlər. I Avropa Olimpiya Oyunlarının keçirilməsinə az bir müddət qalmış bu cür boykot xarakterli fikirlərin səsləndirilməsi heç də təsadüfi deyil. "Avroviziya" Mahnı Müsabiqəsi ərəfəsində də həmin qüvvələr məhz bu yolu seçmişdilər. Amma son nəticədə yenə də uğursuzluğa düçar oldular. Tam əminliklə deyə bilərəm ki, onların bu dəfəki “fəaliyyəti” də uğursuzluqla nəticələnəcək”.

Milli.Az