İslamabad, 12 mart, AZƏRTAC
Pakistan mətbuatının yaydığı məlumata görə, ölkədə ölüm hökmünə qadağa tam ləğv edilib.
Bu məsələ ilə bağlı Pakistanın Daxili İşlər Nazirliyi müvafiq qərar qəbul edib.
Bundan əvvəl Pakistanda ölüm hökmünün icrası ancaq terrorçulara şamil edilirdi.
Ötən ilin sonlarında Pakistanda bir-birinin ardınca baş verən terror aktlarından sonra Baş nazir Nəvaz Şərif ölkədə ölüm hökmünə tətbiq edilən qadağanın terrorçulara qarşı ləğv olunması haqqında qərar vermişdi.
Xatırladırıq ki, 2014-cü il dekabrın 16-da Pakistanın Peşavar şəhərində terrorçuların hərbi məktəbə hücumu nəticəsində 132-si şagird olmaqla 150 insan qətlə yetirilib və qərar da məhz bundan sonra qəbul olunmuşdu.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad