İstər dünyada, istərsə də ölkəmizdə beynəlxalq münasibətlərdə cərəyan edən hadisələr soyuq müharibə paradiqması, köhnə stereotiplər və nəzər baxışından qiymətləndirilməyə çalışılır. Bu isə proseslərin baş vermə səbəblərini sadələşdirmə cəhdi ilə nəticələnir. Halbuki, soyuq müharibənin bitməsindən sonra dünyadakı siyasi, iqtisadi və ideoloji proseslər mühüm keyfiyyət dəyişikliklərinə və ya transformasiyaya məruz qalmışdır. Ona görə də, dünyada hazırda cərəyan edən hadisələrin və dövlətlər arasında münasibətlərin dinamikası və xarakterində qanunauyğunluqları görmək çətinləşir və bir çox hallarda onlar xaotik təsir bağışlayır.
2008-ci il iqtisadi böhranının təsirləri
2008-ci ildən başlayan və hələ də davam edən, miqyasına görə 1929-1933-cü illərlə müqayisə edilən iqtisadi böhranın dünyanın siyasi və iqtisadi mənzərəsinə nə kimi təsir etdiyi barədə hələlik Nobel mükafatçıları olan iqtisadçı alimlər Stiglitz və Krugmanın fikirləri daha məntiqi görünür.
Stiglitzə görə, Avropada hazırkı vəziyyət 1929-1933-cü illər iqtisadi böhranından sonrakı 30-cu illəri xatırladır və hələ də davam edən böhran Fransada Mari Le Pen kimi Avropanın digər ölkələrində də sağ və milliyyətçi ideyaların, habelə dünyada radikalizmin yüksəlişinə gətirib çıxarmaqdadır.
Qərbdə ideoloji ziddiyyətlər
Qeyd etmək lazımdır ki, son zamanlar xüsusilə, Qərbdə sağ, milliyyətçi və mühafizəkar qüvvələrlə liberal, sol qüvvələr arasında ziddiyyətlər daha dərinləşmişdir. Bu ziddiyyətlər və mübarizə təkcə ayrı-ayrı ölkələrin daxili siyasətlərinə deyil, eləcə də müxtəlif dövlətlər arasında münasibətlərə özünün böyük təsirini göstərir. Məsələn, göstərilən ziddiyyətlər ABŞ-da ona səbəb olmuşdur ki, bu ölkədə qatı mühafizəkarlar təkcə Obamanın gizli müsəlman olduğunu iddia etmirlər. Həm də MKİ-nin (CİA) hazırkı direktoru Con Brennanı da Səudiyyə Ərəbistanında xidmət zamanı gizli şəkildə islam dinini qəbul etməsi barədə fantastik iddia ilə ittiham edirlər. Digər sağçı qrup radikallar isə Obamanı gizli kommunist olmaqda ittiham edirlər. Onlar gəncliyində ABŞ prezidentinin ideoloji liderinin məşhur qara dərili kommunist Frenk Marşall Davis olduğunu və sol ideyaların təsirinə məruz qaldığını əsas gətirirlər.
Bu ilin fevral ayında Şimali Karolinada 3 müsəlman tələbənin dini zəmində qətlə yetirilməsindən sonra növbəti gün Texasdakı Müsəlman Mərkəzi yandırıldı. ABŞ-dakı bu faciə çox maraqlı zaman kəsiyinə təsadüf etdi. Belə ki, fevralın 5-də Obama çıxışında bildirdi ki, son zamanlar Yaxın Şərqdə baş verənlərə görə islam dininin günahlandırılması doğru deyil, belə ki, vaxtilə xaçlı yürüşləri və inkvizisiyalar zamanı İsa adına xristianlar da böyük cinayətlər törətmişlər. ABŞ-da mühafizəkarların kəskin narazılığına səbəb olan bu çıxışdan bir gün sonra isə Obama administrasiyası özünün yeni milli təhlükəsizlik strategiyasını elan etdi. 29 səhifəlik bu sənəddə islam sözü cəmi iki yerdə işləndi. "İslam terrorizmi" və "islam fundamentalizmi" ifadələrinin bu sənəddə hədə kimi göstərilməməsi sağçı və ultra mühafizəkar (xristian fundamentalist) siyasi qrupların tənqidlərini daha da kəskinləşdirdi.
Bu baxımdan fevral ayında ABŞ-ın Milli Təhlükəsizlik Nazirliyinin (Department of Homeland Security) hazırladığı yeni terror hesabatı xüsusi maraq doğurur. Mətbuata açıqlanmış hesabatda göstərilir ki, ABŞ vətəndaşlarının həyatı və mülkiyyəti üçün "ölkənin daxilindəki müxtəlif fərdlərdən ibarət sağçı ekstremistlərdən gələn hədə ölkə xaricindəki müxtəlif "islamçı” terrorist təşkilatlarından olan hədədən geri qalmır və bəzi hallarda isə, bu hədənin miqyası xarici terror təhlükəsindən daha böyükdür." Federal Təhqiqatlar Bürosunun direktor müavininin sözlərinə görə isə, uzun illər ABŞ əsas diqqətini xaricdən gələn terror aktlarına yönəltsə də, fakt odur ki, ölkə daxilindən də qaynaqlanan kifayət qədər terror hədələri mövcuddur. Milli Təhlükəsizlik Nazirliyinin qeyd edilən hesabatı hazırkı administrasiyaya müxalifətdə olan mühafizəkarlara dolayısı ilə respublikaçılar partiyasına qarşı yönəlməklə ABŞ-da iki ideoloji qrup arasında kəskin mübarizənin təzahürüdür.
Obama administrasiyasının ölkə daxilində mühafizəkarlara və respublikaçılara qarşı mübarizəsinin ən maraqlı məqamlarından biri ötən ilin sonunda Respublikaçıların Konqres seçkilərində qələbəsindən dərhal sonra Buş dövründə terrorizmdə ittiham edilən məhbusların və əsirlərin dindirilməsi zamanı işgəncə və insan hüquqlarının kobud şəkildə pozulması faktlarının mətbuata sızdırılmasının intensivləşməsi oldu. Bu bir daha respublikaçıların irticaçı ("warmonger”) və militarist obrazının gücləndirirək onlara qarşı yerli və beynəlxalq tənqidlərin artmasına gətirib çıxardı. Ən əsası isə bununla respublikaçıların xarici siyasət və beynəlxalq məsələlərə xüsusilə, İranla münasibətlərə mane olmaq cəhdlərinin qarşısı alındı və onların sərt mövqedən çıxış etmək imkanları kifayət qədər məhdudlaşdırıldı.
Belə ki, ABŞ-da son seçkilərdə Respublikaçılar partiyasının Konqresə nəzarəti ələ keçirməsindən sonra bəzi siyasi şərhçilər Obamanın İran diplomatiyasının qarşısında böyük maneə yaranacağını və əvvəlki kimi bu istiqamətdə istədiyi siyasəti apara bilməyəcəyini ehtimal edirdilər.
Mətbuata işgəncə faktlarının sızdırılmasından dərhal sonra isə Obama Konqresin razılığını almadan Kuba ilə diplomatik münasibətlərin bərpası haqqında qərar verdi. Yanvarın 20-də isə Konqres qarşısında çıxışı zamanı bildirdi ki, əgər respublikaçı Konqres İranla münasibətlərin normallaşmasına mane ola biləcək hər hansı sanksiya qəbul edərsə, bu qərar onun tərəfindən veto ediləcəkdir.
ABŞ-da bu ideoloji mübarizənin xarici siyasətə ən böyük təsirlərindən biri isə sözsüz ki, böyük və dərin bağlarla bağlı olan İsraillə münasibətlərin son zamanlar tarixdə görülməmiş dərəcədə ən yüksək səviyyədə gərginləşməsi olmuşdur.
Din
Maraqlıdır ki, mətbuatda gedən məlumatlara əsasən Obama administrasiyasının Kuba ilə diplomatik münasibətləri bərpa etməsində hazırkı Roma papasının vasitəçiliyi mühüm rol oynamışdır. ABŞ prezidenti kimi Roma papası da Fransadakı Charlie Hebdo terror aktından sonra bu cinayətdə İslam dinin günahlandırılmasının böyük səhv olduğunu və Charlie Hebdo karikaturaçılarının da baş verən terror aktında günahkar olduqlarını işarə etdi. Bir sıra məsələlərdə tutduğu mövqeyə görə katolik kilsəsi daxilində bəzi məşhur kardinallar hazırkı papaya qarşı açıq çıxış edirlər. Yəni, onu əvvəlki papalar kimi təkcə ultra sol (liberal) ateistlər deyil, həm də mühafizəkarlar və xristian fundamentalistlər də sevmir. Roma papası Obamanın Kuba ilə münasibətləri bərpa prosesində oynadığı rola, digər sosial və ətraf mühitlə bağlı tutduğu mövqeyə görə katolik kilsəsinin ABŞ-dakı ənənəvi respublikaçı müttəfiqləri ilə düşmən olub. Xristian fundamentalistlərin ən çox narazılığına səbəb olan məqamlardan biri hazırkı papanın dinlər arası dialoqun tərəfdarı olması və xüsusilə məsciddə müsəlmanlarla birgə ibadət etməsi faktı olmuşdu.
Birmənalı şəkildə demək olar ki, 2015-ci ilin ilk günlərində Parisdəki terror aktı və sonrakı hadisələr təsadüfi olmamaqla, Avropa və dünyada gedən siyasi, iqtisadi, sosial, demoqrafik və ideoloji proseslərin təzahürüdür. Narahatedici məqam odur ki, bu hadisə Fransada, bütövlükdə Avropada son zamanlar sağ və milliyyətçi ideyaların vüsət alması prosesini daha da sürətləndirə bilər.
Belə ki, Fransada son seçkilərdə milliyyətçilərin nümayəndəsi Mari Lepen öz partiyası ilə əvvəlki illərlə müqayisədə böyük uğur qazanmışdır. Son seçkidən sonra bir sıra Fransa qəzetləri M. Lepenin "artıq Fransanın hakimiyyət dəhlizinin astanasına" gəldiyini göstərdilər. Avropanın digər ölkələrində də milliyyətçi və sağ partiyalar uğur qazanırlar. Bura son illərdə bəzi Avropa liderlərinin multikulturalizmin həmin ölkələrdə iflasa uğradığını elan etmələrini də əlavə etsək, əslində proseslərin daha dərin, uzun müddətli və qlobal təhlükəli proseslərin başlanğıcı kimi qəbul etmək olar.
Fransadakı terror aktı ilə bağlı maraqlı bir faktı xatırlamaq yerinə düşər. Belə ki, 2005-ci ildə Rusiyada yazıçı Yelena Çudinovanın "Paris Məryəm Ana məscidi" (Мечеть Парижской Богоматери) adlı S.Hantinqtonun "mədəniyyətlərin toqquşması” ruhunda yazılmış romanı dərc edilir. Kitab Rusiyada bestseller olduqdan sonra 2009-cu ildə Fransada tərcümə edilərək nəşr edildi. Fantastik roman olan bu əsərdə 2048-ci il təsvir edilir. Guya Fransada müsəlmanların sayı artmış, onlar hakimiyyəti ələ keçirərək qeyd edilən məşhur kilsəni məscid etmiş və fransızlar öz tarixi vətənlərində azlıqda qalmışlar. Cavab olaraq bir qrup vəziyyətlə barışmaq istəməyən milliyyətçi fransız ölkənin müsəlman hakimiyyətinə qarşı terrorçu mübarizə yoluna əl atırlar. Əlbəttə, geniş yayılmaqda olan bu tipli əsərlər Avropa və Qərbdə cərəyan edən hadisələrin təzahürü olmaqla yanaşı, bu sahədə olan ziddiyyətləri daha da alovlandırır.
Bu ziddiyyətlərin intensivliyi getdikcə daha da artmaqda və hər növbəti gün müxtəlif formalarda özünü göstərir. Məsələn, bu ilin fevralın 19-da Vaşinqtonda prezident Obamanın da qatıldığı "Ekstremizmə qarşı mübarizə” mövzusunda keçirilən beynəlxalq sammit zamanı nüfuzlu solçu-sentrist "Atlantic” jurnalında böyük rezonans doğuran təxribatçı "İŞİD əslində nə istəyir?” başlıqlı geniş məqalə dərc edildi. Maraqlıdır ki, sağçı deyil, məhz sol meylli jurnalda dərc edilən məqalə bu mövzu ətrafında geniş müzakirələrə yol açdı və səsləndirilən fikirlər ətrafında ictimaiyyəti iki cəbhəyə böldü. Qeyd edilən məqalə ilə bağlı digər maraqlı məqam Vaşinqtondakı sammit iştirakçılarının başda Obama olmaqla bir ağızdan "İŞİD və Əl-Qaida kimi təşkilatların İslam dini ilə heç bir əlaqəsi olmadığının” bəyan etməsi zamanı dərc edilməsi idi. Daha aydın ifadə etsək, bu məqalə liberal sol qüvvələrdən fərqli olaraq mühafizəkarların dinlər arası dialoqa mane olmaq cəhdi idi.
Nəticə
İŞİD-in son zamanlar həyata keçirdiyi böyük rezonans doğuran terror aktları, habelə islam dininin ünvanına "Atlantic” jurnalının qeyd edilən məqaləsində səsləndirilən fikirlərə bənzər rəylər artıq öz nəticələrini verir. Belə ki, ötən ay ABŞ-da keçirilən son sosioloji sorğularda rəyi soruşulanların artıq 57%-i İŞİD-ə qarşı quru əməliyyatlarının keçirilməsinə dəstək verdi. Qeyd etmək lazımdır ki, böyük iqtisadi və insan itkilərinə səbəb olan Əfqanıstan və İraq müharibələrindən sonra ABŞ ictimaiyyəti ölkənin xaricdə hər hansı hərbi əməliyyatlara cəlb edilməsinin qəti əleyhinə idi və ona görə də, bu sosioloji sorğu son 10 ildə ictimai rəydə ən böyük dəyişikliklərdən biridir. Belə ki, Obamanın özü də, məhz ABŞ ictimai rəyindəki "dünya işlərindən kənarda durmaq” dalğası ilə hakimiyyətə gəlmişdi.
Məsələ burasındadır ki, yuxarıda göstərilən ziddiyyətləri bir çox şərhçi Hantinqtonun "sivilizasiyaların toqquşması” prizmasından da izah etməyə çalışır. Ancaq hesab edirik ki, Yale və Stanford universitetlərinin professoru və Stratfor beyin mərkəzinin analitiki Cey Ogilvinin (Jay Ogilvy) proseslərə qiyməti daha maraqlıdır. Belə ki, Samuel Hantingtondan fərqli olaraq o, dünyanı mədəniyyətlərə deyil, həm dünyanı, həm də konkret cəmiyyətləri iki qrupa bölür: müasir dünyanın inkişaf tələblərinə özünü uyğunlaşdıran, adaptasiya edən fərdlər və cəmiyyətlər və bunu edə bilməyənlər yaxud "geridə qalanlar".
Sosial darvinizm nəzəriyyəsinin tərəfdarı kimi çıxış edən müəllif göstərir ki, hazırkı dünyada siyasi proseslər, münaqişələr, dini radikalizm, habelə Qərbin özündə milliyyətçi-sağçı cərəyanların baş qaldırması bu iki qrup arasında kəskinləşən mübarizənin nəticəsidir. Müəllifə görə, dünyanın hazırkı inkişaf səviyyəsi cəmiyyətlər (dövlətlər) arasında, habelə konkret cəmiyyətlər daxilində rəqabətin intensivliyini və kəskinliyini daha da artırmışdır. Əvvəlki zamanlardan fərqli olaraq geridə qalanlar irəlidə olanlardan daha çox geridə qalır və rəqabətdə daha çox uduzur və aqressivləşir. Bu rəqabətdə isə, o, cəmiyyətlər və fərdlər udur ki, onların daha yaxşı təhsili və müasir dünyanın tələblərinə uyğunlaşmaq üçün hazırlığı olur. Başqa sözlə müəllifə görə, dünyada hazırda gərginliyin və radikalizmin artmasının əsas səbəbi dövlətlər arasında, habelə müxtəlif cəmiyyətlərin daxilində sosial iqtisadi bərabərsizliyin artması və bundan doğan müxtəlif formalı diskriminasiyalar, dini və milli ayrı seçkilikdir.
Newtimes.az