Ekspert: “Daşınmaz əmlak, xüsusən mənzil bazarında alqı-satqı prosesi hələ bir müddət durğun vəziyyətdə qalacaq”
Ötən ilin sonlarından etibarən neftin qiymətinin dünya bazarında ucuzlaşmasının ölkə iqtisadiyyatına böyük təsirləri olacağı bildirilirdi. Ekspertlər neftin qiymətinin azalması ilə mənzil bazarında da qiymət azalmalarının müşahidə olunacağını qaçılmaz hesab edirdilər. İlin sonlarına doğru mənzil bazarında qiymətlərdə kəskin düşmə olmasa da, müəyyən durğunluq müşahidə olunmağa başladı, tələb azaldı. Bu ilin əvvəllərində manatın avro və dollara nisbətən kursunun düşməsi isə mənzil bazarında qarışıq vəziyyət yaratdı. Belə ki, mənzilini satanlar artıq manata yox, dollara üstünlük verirlər. Bu isə bazarda qiymət artımına gətirib çıxarır.

İqtisadçı Pərviz Heydərov da qəzetimizə açıqlamasında bildirdi ki, ölkəmizdə daşınmaz əmlak, xüsusən də mənzil bazarında qiymətlər heç də tam olaraq tələb və təklifin nisbəti əsasında tənzimlənmir: “Məsələn, daşınmaz əmlak bazarında ötən ilin 4-cü rübündən etibarən, orta hesabla 2 faiz ucuzlaşma qeydə alındığı məlum idi. Lakin bunun müvəqqəti xarakter daşıdığı sirr deyildi. Çünki neftin qiymətinin enməsinin daşınmaz əmlak bazarına 7-8 aya təsir etdiyi söylənilsə də əslində, belə deyil. Düzdür, neft ucuzlaşan zaman iqtisadiyyatın bütün sahələrində aktivlik enir və tələb ilə təklifdə ciddi durğunluq yaranır. Bu, daşınmaz əmlak bazarına da aiddir. Neft ixrac edən bütün ölkələrdə tikinti bumu adətən, “qara qızılın” bazar qiymətləri həmişə yüksək olduğu dövrə təsadüf edir. Qiymət düşdükdə tikinti zəifləyir və təklifin dərhal azaldığı müşahidə olunur. Ancaq neftin qiyməti yüksək olduqda tələbə də müsbət təsir etdiyindən onun tədiyyə qabiliyyəti genişlənir. Ucuzlaşdıqda isə daşınmaz əmlak bazarında təkliflə yanaşı, tələb də “ölür”. Çünki, onun tədiyyə qabiliyyəti məhdudlaşır. Ona görə də neftlə əlaqədar daşınmaz əmlak alqı-satqısında daha durğun vəziyyət yaranır. Bu vəziyyət ölkəmizə də xasdır. Fərq ondadır ki, neftin dünya bazar qiymətləri ilə əlaqədar Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlər enmir. Başqa sözlə desək, neft bahalaşarkən qiymətlər artsa da, ucuzlaşanda yerində donub qalır. Bunu real vəziyyət də sübut edir. Alqı-satqı zəifləsə də, təklif azalıb, tələb yumşalsa da ölkəmizdə daşınmaz əmlak bazarında ciddi ucuzlaşma qeydə alınmır”.

İqtisadçı deyir ki, Azərbaycanda daşınmaz əmlak bazarı ilə neftin qiyməti arasında asılılıq yoxdur. Sadəcə, neftin qiyməti bir ara təklifin formalaşmasında mühüm rol oynayıb ki, bu da 2008-ci ildən əvvəlki dövrdə baş verib: “Mənzil və kommersiya xarakterli tikililərin qiymətləri sonradan daha çox başqa amillərdən qaynaqlanaraq müəyyənləşdi. Odur ki, ölkəmizdə daşınmaz əmlak bazarında qiymətlər əsasən başqa faktorlar sayəsində formalaşır ki, burada tələb ilə təklif az rol oynayır. Bu mənada, cari ildə ölkəmizdə daşınmaz əmlakda ciddi ucuzlaşmanın olacağını gözləmək əbəs idi. Sadəcə, qiymətlər qalxmaya bilərdi. Çünki onsuz da yüksək səviyyədə idi”.

P.Heydərovun sözlərinə görə, manatın dollara nəzərən ucuzlaşdırılması mövcud tendensiyaya təsir etməliydi. Ancaq bu da cüzi xarakter daşımalıdır: “Çünki daşınmaz əmlak bazarında alqı-satqı prosesinə vergi rejimi sərtləşdirilib. Məlum olduğu kimi, 3 il daxilində alqı-satqı prosesinə cəlb olunmuş əmlak əlavə dəyər vergisinə cəlb olunacaq. Bu da fiziki şəxslərdən gəlir vergisinə uyğun hesablanacaq. Bu isə kifayət qədər böyük məbləğdir. Nəzərə alsaq ki, ölkədə mənzil bazarında mövcud tələb tədiyyə qabiliyyətliliyi baxımından, olduqca zəif haldadır, sözügedən verginin təklifdə oturması vəziyyəti daha da mürəkkəbləşdirəcək. Odur ki, daşınmaz əmlak, xüsusən mənzil bazarında alqı-satqı prosesi hələ bir müddət durğun vəziyyətdə qalacaq”.

Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı direktoru Ramil Osmanov isə bildirdi ki, ötən il ərzində mənzil bazarı üçün orta qiymət artımı 19 faizə yaxın olub: “Ötən ilin sentyabr ayına qədər mənzil bazarında qiymət artımı müşahidə olunsa da, sonrakı müddətdə azalma baş verdi. Amma indi daha çox qeyri-müəyyən situasiyalarla əlaqəli qiymətlərin azalması müşahidə olunmaqdadır”.

Manatın kursunun düşməsinin mənzil bazarında qiymət artımına səbəb olduğunu deyən R.Osmanovun sözlərinə görə, qarşıdakı aylarda mənzil bazarında qiymətlərdə artım müşahidə olunacaq: “Çünki əmlakın vergiyə cəlb edilməsi ilə bağlı olaraq yeni qaydaların tətbiqi qiymətlərə təsir göstərəcək. Daşınmaz əmlak üzrə vergi yükünün onun satış qiymətinə əlavə olunması qaçılmazdır. Digər tərəfdə isə mənzil bazarında manatın devalvasiyası ilə əlaqədar tədricən qiymətlərin dollara adaptasiya olunması prosesi gedir. Burada söhbət manat ekvivalenti ilə əmlak dəyərinin artımından gedəcək. Manatın kursunun düşməsi ilə əlaqədar mənzil bazarında cüzi artım meylləri var. Bu artım da daha çox informasiyasızlıqdan irəli gəlir. Əvvəl vətəndaş öz əmlakını 50 min manata təklif edirdi. Manatın əvvəlki kursu ilə bu 65 min dollar edirdi. Satıcı elə düşünür ki, mənzilini devalvasiyadan sonra dollar ekvivalenti ilə bazara əvvəlki qaydada çıxarmalıdır. Bu halda əmlakın dəyərini köhnə dollar ekvivalenti ilə hesablayıb bazara çıxarır. 50 min manat 65 min dollar edirdisə, indi vətəndaş öz mənzilini 65 min dollara bazara çıxarır. Bu da manat ekvivalenti ilə 66-67 min manat deməkdir. Bu isə qeyri-müəyyənlikdən çıxan artımlardır. Amma bu artımları kütləvi xarakter daşımır və nə nəzəri, nə də iqtisadi baxımdan bazar üçün xarakterik deyil. Bazarda qiymət artımı üçün müəyyən iqtisadi əsaslar olmalıdır. Bizdə isə bu əsasların heç biri yoxdur. Tələb, ümumi dinamika aşağı düşür, bazara müraciətlərin sayı azalır. Bütün bunlar bazara təsir edən amillərdir. Amma Azərbaycan bazarında bu cür iqtisadi nəzəri tendensiyalar özünü doğrultmur”.

R.Osmanov onu da bildirdi ki, indiki halda kirayə bazarı üçün real təhlükə gözlənilmir. Kirayə bazarında vəziyyətin dəyişməsi dönəmi may-iyun aylarında müşahidə olunmağa başlayacaq.

Kaspi.az