Bakı, 11 mart, Salehə Əliyeva, AZƏRTAC
Qafqaz Müsəlmanları İdarəsində Türkiyə Baş nazirinin böyük müşaviri, professor hacı Bəkir Karlığanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
AZƏRTAC xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə qonaqları səmimi salamlayaraq deyib ki, tariximizin ən çətin məqamlarında Türkiyə həmişə bizimlə olub, Azərbaycanın haqq işini beynəlxalq qurumlarda dəstəkləyir. Bu da ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını təsdiq edir.
Səmimi qəbula görə təşəkkür edən hacı Bəkir Karlığa vurğulayıb ki, Allahşükür Paşazadənin fəaliyyəti bütün islam dünyasının dəstəklənməsinə yönəlib.
O deyib: “İndi dünyada, o cümlədən islam dünyasında münaqişələr olduqca çoxdur və sizin fəaliyyətiniz əhəmiyyətlidir”.
Azərbaycan ilə Türkiyə arasında tarixi dostluqdan və qardaşlıq münasibətlərindən söz açan qonaq vurğulayıb ki, bu əlaqələr ölkələrimiz arasında siyasi, iqtisadi, dini, mədəni-mənəvi sahələrin inkişafına təkan verir.
B.Karlığa bildirib ki, Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqda mühüm rol oynayır, özünün multikulturalizm strategiyası və bu sahədə müəyyən təcrübəsi var. Odur ki, Türkiyə ilə İspaniyanın təşəbbüsü ilə yaradılan Mədəniyyətlərarası Alyansın iclası gələn il Bakıda keçiriləcək. İclasda 20 ölkədən 127 təşkilatın nümayəndələrinin iştirakı gözlənilir.
Görüşdə dünyada islamın vəziyyətindən, xalqlar arasında mənəvi əlaqələrin dərinləşməsi üçün birgə səylərin zəruri olmasından danışılıb.