Bakı, 11 mart, AZƏRTAC
Azərbaycandan müqəddəs Həcc ziyarətini təşkil etmək səlahiyyəti Qafqaz Müsəlmanları İdarəsinə aiddir. Müqəddəs ziyarətə getmək istəyənlərin sənədlərinin Azərbaycandan Həcc missiyasının təşkilatçısı olan Qafqaz Müsəlmanları İdarəsində qəbul olunmasına başlanılır (Bakı şəhəri, Mirzə Fətəli küçəsi, 7. QMİ-nin Həcc ziyarətinin təşkili şöbəsi, tel. 492-88-48, 437-15-71).
Qafqaz Müsəlmanları İdarəsindən AZƏRTAC-a bildiriblər ki, sənədlər zəvvarlar tərəfindən şəxsən təqdim edilir və təşkilatçı tərəflə (QMİ) zəvvar arasında müəyyən edilmiş formada müqavilə bağlanılır. Xidmət haqqı zəvvarın özü, yaxud onun səlahiyyətli nümayəndəsi tərəfindən, QMİ-nin “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin “Mərkəz” filialında (Ünvan: AZ1005, Bakı, Səbail, Hacı Zeynalabdin Tağıyev,3) manat hesabına ödənilir. Ziyarətin təşkili ilə bağlı xidmət haqqının əhəmiyyətli hissəsi xarici tərəfdaşlara köçürülür. Buna görə də onun məbləği ABŞ dolları ilə müəyyən edilib (mehmanxana, habelə ziyarət zamanı xidmət şərtlərindən asılı olaraq 4700 (dörd min yeddi yüz) ABŞ dolları və ya 5750 (beş min yeddi yüz əlli) ABŞ dolları). Zəvvarlar xidmət haqqını ödəmə günü mövcud olan məzənnəyə uyğun olaraq ödəməlidirlər.
Ziyarətə getmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər: Biometrik (xarici) pasport, şəxsiyyət vəsiqəsinin surəti, 4x6 ölçülü 4 ədəd şəkil (ağ fonda rəngli şəkil) və tibbi arayış.
Ziyarətə getmək arzusunda olanlara bildirilir ki, müqəddəs Həcc və Ümrə ziyarətlərinə sənəd qəbulu ilə bağlı QMİ-dən başqa heç bir qurum səlahiyyətli deyil. Hər hansı başqa quruma sənəd təqdim edərək onların vasitəçiliyi ilə ziyarətə getmək istəyənlərlə bağlı yaranacaq anlaşılmazlıqlara görə QMİ məsuliyyət daşımır.
Həcc ziyarətinin təşkili ilə bağlı əlavə məlumatlar QMİ-nin elektron səhifəsində (www.qafqazislam.com) yerləşdiriləcək.