Bakı, 11 mart, AZƏRTAC
Prezident İlham Əliyevin fevral ayının 2-dən mayın 1-dək əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı Bakının Suraxanı rayonunda uğurla davam edir.
Qrafik əsasında rayon ərazisində fəaliyyət göstərən 4 xəstəxanada, 4 poliklinikada və 1 ambulatoriyada əhalinin pulsuz tibbi müayinəsi təşkil olunub.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, bütün qəsəbə və yaşayış sahələrində tibbi müayinə ilə bağlı əhali arasında təşkilati-izahat işləri aparılıb. Bunun nəticəsidir ki, martın 11-dək rayon üzrə 70 minə yaxın sakin tibbi müayinələrdən keçib. Müayinə olunanların 3500-də müxtəlif xəstəliklər aşkarlanıb və 158 nəfər stasionar müalicəyə götürülüb.
15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında isə indiyədək 11300 nəfər tibbi müayinələrdən keçib. Müayinədən keçən sakinlərin 776-da xəstəlik aşkar olunub və onların 40 nəfəri stasionar müalicəyə götürülüb.
Qaraçuxur qəsəbəsi Veteranlar Şurasının sədri Əliağa Hüseynov xəstəxananın tibbi heyətindən, burada yaradılan şəraitdən razılıq edib və dövlət başçısının bu təşəbbüsünü alqışlayıb.
Qaraçuxur qəsəbə sakini İbiş Əsgərov isə deyib:”Bütün tibbi müayinələrdən keçdim. Həkimlər və tibb bacıları məni mehribanlıqla qarşıladılar. Belə şəraiti bizə yaratdığına görə Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk”.