Ukrayna prezidenti Pyotr Paraşenkonun bu yaxnlarda özünə müşavir təyin etdiyi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin ətrafında gərginlik artmaqdadır. Ölkəsində onun həbsi məsələsi yenidən gündəmə gəlib. Saakaşvili tərəfdarları isə burada Moskvanın əli olduğunu iddia edir.

ANS TV-nin Gürcüstan bürosunun məlumatına görə, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin rəhbərlik etdiyi Vahid Milli Hərəkat Partiyasının liderləri ölkədə yaşanan iqtisadi böhranla bağlı martın 21-də təşkil edəcəkləri mitinqdə indiki hakimiyyətin istefasını tələb edəcəklər. Gürcüstan iqtidarının Mixail Saakaşviliyə qarşı ötən ilin martında səsləndirdiyi ittihamlarsa hələ davam edir. Hazırda Saakaşvili 4 cinayət işi üzrə ittiham olunur ki, bunların sübuta yetiriləcəyi halda sabiq prezidenti 14 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Gürcü ekspertlərsə Saakaşvilinin həbsinin baş verəcəyinə inanmır.

“Gürcü arzusu” hakimiyyətə gəldikdən sonrakı bir il ərzində Saakaşvilinin ölkədə qaldığının deyən politoloq Gela Vaşadze hesab edir ki, əgər onların səsləndirdikləri ittihamlar üzrə sübutları olsaydı, o zaman onu rahat bir şəkildə həbs edə bilərdilər: “Gürcü arzusu” konkret olaraq hakimiyyətin daxilindəki rus lobbisi birbaşa Moskvanın, Kremlin sifarişlərini yerinə yetirir”.

Mixail Saakaşvilinin ötən ay Ukrayna prezidentinin beynəlxalq məsələlər üzrə məsləhətçisi postuna təyinatından sonra Gürcüstan hakimiyyəti Saakaşvilinin ekstradisiyasını istədi. Lakin Ukrayna rəhbərliyi bundan imtina edərək gürcü diplomatının ölkəsi üçün xeyir gətirəcəyini bəyan etdi.

Tarixçi Zurab Papaskiri sabiq prezidentin həbs edilə biləcəyini dedi: “Saakaşvili bütün dünyanı gəzir. Yalnız Rusyada onu həbs edə bilərlər, başqa heç yerdə. Mən bilmirəm Gürcüstan hakimiyyəti bunu nə üçün edir. Sadəcə təxmin edirəm ki, bu ona görə edilir ki, Moskvaya göstərsinlər ki, bax biz Saakaşvilini təqib edirik”.

Gürcüstanın daxili siyasətindəki hazırki prosesler və iqtidar-müxalifət münasibətləri bu gün gürcü cəmiyyətini narahat edən əsas məsələdir.

Məsələnin bir də rəsmilərin dilə gətirmədiyi, sadə xalqın isə dilindən düşməyən tərəfi var. İnsanların fikrinə görə, bu çəkişmə hakimiyyətlə eks-prezident arasında olan problem deyil. Məsələnin kökündə hazırda hakimiyyətdə heç bir rəsmi mövqeyi olmayan, lakin hakimiyyəti bir növ idarə edən Bidzina İvanişvili ilə Mixail Saakaşvili arasında olan ədavət dayanır.

Mənbə
ANS TV: Nəriman Hüseynov