Birləşmiş Ştatlarda məşhur fast-food restoranlar şəbəkəsi kimi tanınan “Mc Donalds” şirkətinin anti-biotiklə yetişdirilən toyuq ətindən imtina etməsi qalmaqal yaradıb. Həmin restoranlar şəbəkəsinin Azərbaycanda da geniş yayıldığı nəzərə alınarsa, məsələ bizim üçün də aktuallıq kəsb edir.

ANS TV-nin məlumatına görə, dünyanın ən böyük fast-food restoranlar şəbəkəsi “Mc Donalds” anti-biotiklə yetişdirilən toyuq ətindən istifadəyə son qoyub. Şirkət yaydığı açıqlamada 14 min restoranının yerləşdiyi Amerika Birləşmiş Ştatlarında bu cür ətdən istifadə etməyəcəyini elan edib. Avropada isə bu qərar mərhələli şəkildə tətbiq ediləcək.

Şirkət bu qərarını toyuqların tez böyüməsi üçün vurulan “RBST” anti-biotikinin insan sağlamlığına təhlükə yaratması ilə əsaslandırıb.

Bu məsələni bizim üçün həssas edən məqamsa tanınan fast-food şirkətinin Azərbaycanda da fəaliyyət göstərməsidir.

Nəzərə alsaq ki, ölkəmizdə fast-food qidaların istehlakçıları əsasən uşaqlar və gənclərdi, bu zaman məsuliyyət ikiqat artır. Məsələ ilə bağlı açıqlama verən şirkət nümayəndəsi Anar Bayramov adıçəkilən fast-food restoranında təqdim olunan bütün ət məhsullarının dondurulmuş halda Avropadan gəldiyini və ölkəmizdə də bütün yoxlamalardan keçdiyini deyir:

“Avropa səhiyyə təşkilatlarının bu anti-biotiklərin istifadəsi və ya istifadə olunmaması sırf nəzarət altında olur. Ona gərə bu mərhələli bir şəkildə tətbiq olunub. Biz bilmirik bu nə vaxt Avropada və yaxud bizim aldığımız təsisatda tətbiq olunacaq? Bu sistem tətbiq olunanda biz mediaya məlumat verəcəyik”.

İstehsalçı şirkət məhsullarının təhlükəsizliyindən əmin olsa da, həkimlər bu cür qidaların qəbulu zamanı diqqətli olmağı tövsiyə edir.

Həkim Sadıx Salamov bildirdi ki, bu qidalardan hər gün istifadə olunması ziyanlıdır: "Hətta yeməklərin tərkibində kansirogen maddələr olur. Bu isə sonda xərçəngə də gətirib çıxara bilər. Əgər ayda bir-iki dəfə istifadə olunarsa, o zamanı onun heç bir qorxusu yoxdur”.

Həkimin dediyindən belə məlum olur ki, hər şeyin azı qərar, çoxu zərərdir. Bu zərəri minimuma endirmək üçün ABŞ-da start verilən yeni istehsal üsulunun Azərbaycanda nə vaxt tətbiq ediləcəyini isə sadəcə gözləmək qalır.

Mənbə
ANS TV: Ayşəm Rüstəmova