Bakı, 10 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində Azərbaycana növbəti səfərə gələn almaniyalı alimlər – Vürsburq Universitetinin professoru, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti xanım Ziqlinde Hartman və Auqsburq Universitetinin professoru Ulrike Eisenhut Azərbaycan Dillər Universitetində (ADU) professor-müəllim heyəti və alman dili ixtisası üzrə təhsil alan tələbələrlə görüşüblər.
Bilik Fondundan AZƏRTACA daxil olan məlumatda bildirilir ki, ADU-nun müasir alman dili kafedrasının müdiri, dosent Elxan Yusifov qonaqları salamlayaraq belə görüşlərin tələbələr üçün səmərəli olduğunu vurğulayıb.
Azərbaycanda “Kitabi-Dədə Qorqud” dastanının alman şərqşünası, diplomat Fridrix fon Dits tərəfindən tərcümə olunaraq dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200-cü ildönümünə həsr olunmuş silsilə tədbirlərin keçirilməsini yüksək qiymətləndirən professor Z.Hartman millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri akademik Kamal Abdullayevə bu sahədə gördüyü işlərə görə minnətdarlığını bildirib. Onun sözlərinə görə, dünya dastan yaradıcılığında özünəməxsus yer tutan “Kitabi-Dədə Qorqud” folklor sənəti üçün qiymətli əsərdir, dastanın tədrisi və təbliği önəmlidir.
Professor Ziqlinde Hartman tələbələrə “Orta əsrlər Alman ədəbiyyatında romantizm” mövzusunda mühazirə deyib. Sonra qonaqlar tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.